“ 28 MAY- Respublika günü” münasibətilə tədbir
Yasamal rayon Heydər Əliyev mərkəzində “28 May-Respublika günü” qeyd edildi. Əvvəlcə tədbir iştirakçıları Yasamal rayon Heydər Əliyev mərkəzində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub muzeylə tanış oldular. Sonra mərkəzin foyesində məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış oldular.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra “28 May- Respublika günü”nə həsr olunmuş filmin nümayişi oldu.
Tədbiri rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdir müavini Vaqif Məmmədov açaraq bildirdi ki, 1918-ci ildə müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunub. Qeyd etdi ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ümummilli lider Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışıyla ölkəmizdə bir çox sahələrdə əsl dönüş yarandı. Müstəqil müasir Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb.
Bayram tədbirində tarixçilər çıxış edərək bildirdilər ki, 18 oktyabr 1991-ci ildə yenidən müstəqilliyini bərpa etmiş xalqımızın qarşısında geniş üfüqlər açılmışdır. Lakin ilk vaxtlar ölkənin müstəqilliyi təhlükə qarşısında qalmışdı. 1993-cü ilin iyununda ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdəki hakimiyyət çəkişmələrinə son qoydu, hərc-mərclik aradan qaldırıldı. Heydər Əliyevin Milli Məclisin sədri seçilməsi ilə dövlət müstəqilliyi qətiyyətlə qorunub saxlanıldı. 1995-ci ildə Heydər Əliyevin müəllifliyi ilə müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul olundu.
Tədbir bədii hissə ilə davam etdirildi.