«Narkomaniyaya-yox!» devizi altında «Zərərli vərdişlərlə mübarizəyə sən də qoşul» mövzusunda seminar-müşavirə
Yasamal Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin və rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin akt zalında «Narkomaniyaya-yox!» devizi altında «Zərərli vərdişlərlə mübarizəyə sən də qoşul» mövzusunda seminar-müşavirə keçirildi. Tədbirdən öncə rayon gənclərinin «Narkomaniyaya-yox!» mövzusunda çəkdikləri rəsm işlərindən ibarət sərgi nümayiş etdirildi.
Tədbiri Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov açaraq seminar müşavirənin keçirilməsində qarşıya qoyulmuş başlıca məqsədlər barədə iştirakçılara geniş məlumat verərək «Gənclər arasında sağlam həyat tərzinin formalaşdırılması və onların asudə vaxtının səmərəli təşkili sahəsində görülən işlər» mövzusunda çıxış etdi. İ.Səfərov qeyd etdi ki, tədbirin keçirilməsində başlıca məqsədlərdən biri də «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılması ilə mübarizə üzrə (2013-2018-ci illər) Dövlət Proqramı»nın müvafiq bəndlərinin icrasının təmin edilməsi ilə yanaşı, narkomaniya, habelə digər zərərli vərdişlərin yayılmasının qarşısının vaxtında alınması məqsədi ilə profilaktik, təbliğat və maarifləndirmə işinin gücləndirilməsidir.
Seminar-müşavirədə Yasamal rayon İcra Hakimiyyəti Başçısı İbrahim Mehdiyev «Narkomaniya ilə mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi» mövzusunda çıxış edərək bildirdi ki, narkomaniyaya qarşı mübarizədə ayrı-ayrı nazirliklər, qurumlar və bütövlükdə cəmiyyətin bütün üzvləri səfərbər olaraq, çiyin-çiyinə birgə mübarizə aparmalıdırlar. Son zamanlar dünyada narkotika istifadəçilərinin sayı yüksələn xətlə artmaqdadır. Hal-hazırda milyonlarla insan bu bəladan əziyyət çəkir. Təbii ki, belə inkişaf sürəti yaxın gələcəkdə ictimai faciəyə gətirib çıxara bilər. Ən acınacaqlısı da budur ki, istifadəçilər arasında gənclərə, hətta yeniyetmələrə belə təsadüf edilməsi hər birimizi bu bəlaya qarşı mübarizədə fəal olmağa və bu sahədə maarifləndirmə işinin daha da gücləndirilməsinə ehtiyac duyulduğunu təsdiq edir.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini Vasif Quliyev «Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizəyə həsr olunmuş dövlət proqramlarının əsas prinsipləri», Yasamal rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev «Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qanunla nəzərdə tutulmuş cəza tədbirləri haqqında» mövzusunda, Respublika Narkoloji Dispanserin direktor müavini Bilal Əsədov «Narkomanların erkən aşkar olunması və müalicə profilaktikası istiqamətində görülən işlər» mövzusunda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional Mərkəzlərlə İş şöbəsinin əməkdaşı Pərvanə Əsgərzadə «Narkomaniya və sosial bəlalar» mövzusunda çıxışlar etdilər.
Daha sonra mövzular ətrafında diskussiyalara start verildi. Çıxışçılar, həmçinin Yasamal rayon Məhkəməsinin sədri Ələddin Cəfərov, Dövlət Təhlükəsizlik Xidmətinin Yasamal rayon İdarəsinin rəisi İlham Qasımzadə, Yasamal rayon prokuroru Rasim Hacıyev seminar-müşavirə iştirakçılarının çoxsaylı suallarını dolğun şəkildə cavablandırdılar.
Tədbirdə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin bir qrup tələbələri, Yasamal rayon İcra Hakimiyyəti Başçısının Sahə İnzibati Dairələri üzrə nümayəndəlikləri, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak etdilər.