Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyəti yanmış binanı bərpa edib sahiblərinə yenidən təhvil verəcək.

21 aprel 2017 | 11:00

Yasamal rayonu Həzi Aslanov 3 ünvanında yerləşən üç mərtəbəli yaşayış binasının yenidən bərpa olunması prosesinə start verildi. Bununla əlaqədar həmin ünvanda mətbuat nümayəndələri üçün brifinq təşkil olundu. Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev həmin əraziyə gələrək görülən işlərlə yaxından tanış oldu. İcra başçısı mətbuat nümayəndələrinə məlumat verərək bildirdi ki, bu ilin 27 yanvar tarixində Həzi Aslanov 3 ünvanında üçmərtəbəli yaşayış binasında güclü yanğın baş vermişdi. Ümumilikdə yaşayış sahəsi 300 kvadratmetr olan , yanğın baş vermiş bu binada həmin hadisədən sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən rayon İcra Hakimiyyətinə mövcud vəziyyətin araşdırılması tapşırıldı. Məlum oldu ki, baş vermiş yanğın nəticəsində üç mənzil tamamilə yanaraq sıradan çıxıb. Həmin mənzillərin sahibləri isə öhdələrində əlil, yaşlı, xəstə və azyaşlı uşaqları olan aztəminatlı, imkansız şəxslərdir. Təsəvvür edin ki, yanğın baş verən vaxtdan bu günə qədər mənzilləri yanmış sakinlər yaşamaq üçün evləri olmadığından qohum evinə sığınmış, kirayə mənzillərdə qalmışlar. Bu cür vəziyyət isə uzun müddət davam etməklə həmin insanlara həm maddi, həm də mənəvi çətinliklər yaradırdı. Öhdələrində əlil, xəstə olan insanlar evsiz qalmaq məcburiyyətinə düşüblər. Yasamal rayon İcra Hakimiyyəti həmin hadisədən sonra yaranmış mövcud vəziyyəti, mənzilləri yanmış sakinlərin aztəminatlı, imkansız, çətin vəziyyətdə olduqlarını nəzərə alaraq qərara gəldi ki, sözügedən üçmərtəbəli yaşayış binası rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına təmir olunub yenidən orada yaşayan sakinlərin istifadəsinə verilsin. Bu gündən başlanan təmir işlərinin yaxın müddət ərzində bitməsi nəzərdə tutulur.
Qeyd edək ki, yanğın baş verən zaman üç mərtəbəli yaşayış binasının tavanı, döşəməsi, qapısı, pəncərəsi, pilləkan və keçid meydançası, dam örtüyü , ümumiyyətlə, taxta konstruksiyadan olan bütün elementlər yanıb sıradan çıxmışdır.
Brifinqdən sonra, evləri yanmış mənzillərin sakinləri Rəhimova Sevda İzzət qızı, Cəfərova Leyla Alikovna, İsayeva Esmira, Abutalepova Raisa Vaxitovna Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göstərdiyi diqqət və qayğısına, onları düşdükləri bu ağır və çıxılmaz vəziyyətlərinə kömək etdiyinə görə, yanmış mənzillərinin yenidən təmir olunub istifadələrinə veriləcəyi üçün öz dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər