Almas İldırımın 110 illik yubileyinə həsr olunmuş “Vətən həsrətli mühacir şair” adlı tədbir keçirildi
Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə mühacir şair Almas İldırımın 110 illik yubileyinə həsr olunmuş “Vətən həsrətli mühacir şair” adlı tədbir keçirildi.
Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin baş məsləhətçisi Sücayət Piriyeva, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mikayıl Müşfiq” və “Qızıl Qələm” mükafatları laureatı Oqtay Rza, Yasamal rayon Qadınlar Cəmiyyətinin sədri, “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Azad qələm” qəzetinin baş redaktoru, şairə-publisist Nəcibə İlkin, Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq fakültəsinin müəlliməsi, Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlilli, ictimai xadim, şair, bəstəkar Elxan Rəsuloğlu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllim heyəti, məktəblilər, Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası və filiallarının əməkdaşları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Yasamal rayon MKS-nin direktoru Vəfa Quliyeva qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra bildirdi ki, Almas İldırımın 110 illik yubileyi 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bütün ölkə ərazisində geniş şəkildə qeyd olunur. Bu günkü ədəbi-bədii gecə də belə yubiley tədbirlərindən biri kimi yaddaşlarda qalacaqdır. İstedadlı şair Almas İldırımın keşməkeşli ömür yolundan və yaradıcılığından danışan Oqtay Rza bildirdi ki, azadlıq və Vətən eşqi ilə yazıb-yaradan Almas İldırım çətin, lakin şərəfli həyat yolu keçmişdir. Təkcə yazıları ilə deyil, bioqrafiyası ilə də kimsənin ömür tariхçəsini təkrarlamayan bu qeyri-adi istedad sahibinin tale yolu Dağıstandan, Türkmənistandan, İrandan keçərək Tür¬ki-yədə aram tutmuş və o, ömrünün sonlarına qədər burada yaşayıb yaratmışdır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Azad qələm” qəzetinin baş redaktoru, şairə-publisist Nəcibə İlkin çıxışında vurğulamışdır ki, vətən həsrəti, qəriblik hüznü Almas İldırımın demək olar, bütün əsərlərinin aparıcı ahəngidir.Həm Azərbaycanın, həm də Türkiyənin istedadlı şairi olan Almas İldırımın əsərlərinə böyük maraq göstərildiyini qeyd edən çıxışçılar, onun ədəbi irsinin əhəmiyyətini nəzərə çatdırdılar.
Daha sonra tədbir bədii hissə ilə davam etdi. Tədbirin bədii hissəsində xanəndə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Azər Səlimov muğam parçaları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs tələbəsi Hüseynağa Aslanov isə Almas İldırımın yaradıcılığından şer ifa etdi.