Yasamal rayonunun 2017-cı ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası
2017-cı ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası açıq élan edən rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev bu ilin üç ayı ərzində görülən işlər barəsində məlumat verərək bildirmişdir ki, respublikamızın qazandığı uğurlarda bizim də zəhmət payımız var.
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-cı ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda səsləndirilən fikirləri bir daha xatırladan natiq bu müddət ərzində iqtisadiyyatın dinamik inkişaf etdiyini diqqətə çatdırmışdır. Qeyri-neft sektorunun 2,4 faiz, qeyri-neft sənayesinin 2 faiz, kənd təsərrüfatının 3,5 faiz, bitkiçiliyin 20 faizdən çox artdığını vurğulayan İ.Mehdiyev bütün bunların fonunda Yasamal rayonunun da qazandığı nailiyyətlərdən söhbət açmışdr.
Qeyd olunmuşdur ki, cari ilin I rübündə rayonun iqtisadi göstəricilərində artım qeydə alınmışdır. Sənaye məhsulunun ümumi həcmi 41 milyon 300 min, nəqliyyat sektorunda xidmətlərin həcmi 671 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 130 və 112 faiz təşkil etmişdir. Rabitə xidmətlərinin həcmi 131 milyon, ümumi investisiyadan tikinti-quraşdırma işləri 99 milyon manat olmuşdur. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə uğurludur. Əsas kapitala yönəldilən investisiyalar 135 milyon, əhaliyə göstərilən pullu xidmətlər 196 milyon manat olmuşdur. İşçilərin orta aylıq əmək haqqı 5,5 faiz artaraq, 624 manat təşkil etmişdir.
Yasamal rayonunda yeni iş yerlərinin yaradılması həmişə prioritet vəzifələrədən olub. Bu ilin I rübündə də bu məsələ diqqət mərkəzində saxlanılmış və 1877 yeni iş yeri açılmışdır. Onlardan 113-ü yeni yaradılmış və mövcud müəssisələrdə, 1060-ı fiziki şəxslərdən ibarət, 704-ü isə hüquqi şəxslərdə olmuşdur. Yasamal Rayon Məşğulluq Mərkəzinə 1892 nəfər müraciət etmiş, onların 1559 nəfəri işaxtaran vətəndaş kimi qeydiyyata alınmışdır. 1049 nəfər isə daimi işlə təmin edilmişdir.
İ.Mehdiyev rayonda aparılan abadlıq, yenidənqurma və quruculuq işləri barədə də məlumat vermişdir: “Dövlət büdcəsindən rayonun abadlıq və quruculuq işlərinə 891 min741 manat, çoxmənzilli 10 yaşayış binasının təmiri üçün 2 milyon 399 min 617 manat vəsait ayrılmışdır. Abadlıq və quruculuq işlərinə ayrılmış vəsait hesabına 293 nəfərin 1 il ərzində işlə təmin olunmasına imkan yaranmışdır”.
Natiq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarına əsasən 2016-2020-ci illərdə Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan 19 yaşayış binasının mərhələli şəkildə sökülüb yenidən tikilməsi nəzərdə tutulur. Artıq bu binalardan 12-də tikinti işlərinə başlanılmışdır. İnşaat işlərinə 750 nəfər işçi qüvvəsi cəlb olunmuşdur.
Bu gün Yasamal rayonunda qarşıda duran ən zəruri vəzifələrdən biri “Sovetski” adlanan ərazidə abadlıq işlərinin aparılması, yol infrastrukturunun yaradılması və digər yenidənqurma işləridir. Köçürülmə işlərində qarşıya çıxan çətinliklərdən danışan natiq bu günlərdə həmin ərazidə qeydiyyatda olmayan, istifadəyə tamamilə yararsız və qəzalı vəziyyətdə olan Hacı Cavad məscidinin söküntüsü zamanı yaranmış insidentə də münasibət bildirmişdir. Qeyd olunmuşdur ki, həmin məscidin ətrafına toplaşıb yenidənqurma işlərinə mane olmaq istəyənlər, əslində, həmin ərazidə yaşamayan insanlar olubdur. Onlar din pərdəsi altında öz çirkin niyyətlərini həyata keçirmək istəyən, hakimiyyətlə xalq arasında qarşıdurma yaratmağa çalışan radikal dini qruplaşmaların üzvləri, həmçinin xüsusi hazırlanmış adamlar idi. Ərazinin inanclı insanları ilə söhbət aparılıb, ümumi razılığa gələnədək həmin radikal qüvvələr qarşıdurma yaratmaq cəhdlərindən əl çəkməyiblər. Onlar dərk etmək istəmirdilər ki, belə qəzalı binada ibadət etməyin özü qorxuludur. Dövlət insanların ibadət etmələri üçün hər cür şərait yaradır. Elə bu məqsədlə də yararsız vəziyyətdə olan Hacı Cavad məscidi üçün yeni bina tikilməsi nəzərdə tutulub. Məscidin yeri barəsində artıq icma üzvləri ilə də razılıq əldə olunub. Hazırda Bakı şəhərinin Baş Planına əsasən, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən köçürmə və daşınmaz əmlakın sökülməsi işləri davam etdirilir.
Rayon sakinlərinin, hüquqi və fiziki şəxslərin təbii qaz, elektrik enerjisi və içməli su ilə təchizatı məsələsi bütünlüklə həll edilmiş, ötən payız-qış mövsümündə bu sahədə, demək olar ki, heç bir çətinlik yaşanmamışdır.
Natiq bildirmişdir ki, aprel döyüşlərinin ildönümü təntənə ilə qeyd olunmuş, bu parlaq qələbədə şücaət göstərərək şəhid olmuş rayon sakinlərindən Novruzov Mirzə Sərvər oğlunun, Hacıağayev Cabbarxan İlham oğlunun, Quliyev Mahir Qadir oğlunun və Milli Qəhrəman adına layiq görülmüş Mirzəyev Murad Telman oğlunun xatirələri anılmış, ruhlarına dualar oxunmuşdur.
Əhalinin sağlamlığının qorunmasının zəruri olduğunu vurğulayan İ.Mehdiyev qeyd etmişdir ki, ölkə başçısının tapşırığına əsasən, bu ilin fevral ayından başlayaraq, rayonun bütün səhiyyə müəssisələri tərəfindən əhalinin icbari tibbi müayinəsi davam etdirilir.
IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın ev sahibliyi etməsini böyük siyasi hadisə adlandıran İ.Mehdiyev bu beynəlxalq idman oyunlarının da yüksək səviyyədə başa çatacağına əminliyini ifadə etmiş və bildirmişdir ki, həmişə olduğu kimi, yenə də qarşıda duran vəzifələrin öhdəsindən layiqincə, vaxtında və yüksək səviyyədə gəlinəcək.
Çıxış edənlər: Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Fəxri Hüseynov, rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin direktor müavini Yusif Xəlilov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov rayonda I rüb ərzində görülən işləri qənaətbəxş hesab etmişlər.
Sonda iclasın qərar layihəsi oxunaraq əsasən qəbul olunmuşdur.
Tədbiri yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev əminliklə vurğuladı ki, rayonda inkişaf tempi uğurla davam etdiriləcək, paytaxt rayonları arasında Yasamal rayonu öz liderlik mövqeyini qoruyub saxlayacaqdır.