Narkomanlığa qarşı mübarizəyə dair maarifləndirmə tədbiri
Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində narkomanlığa qarşı mübarizəyə dair maarifləndirmə tədbiri keçirildi. Tədbir iştirakçıları əvvəlcə gənclərin narkomanlığa qarşı mübarizəyə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxdılar.
Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının “İctimai-siyasi və Humanitar “ məsələlər şöbəsinin müdiri, rayonun narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının məsul katibi Zöhrab Cəfərov narkomaniyanın bəşəriyyəti narahat edən ciddi problemlərdən biri olduğunu vurğuladı. Qeyd etdi ki, Yasamal rayonunda fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə” və “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvi üzrə” komissiyalar öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı rəhbər tutur. Komissiya tərəfindən hər il müvafiq işlər görülür, mütəmadi qaydada seminarlar, “dəyirmi masa”lar, inşa yazı və rəsm müsabiqələri keçirilir.
Yasamal Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi Anar Süleymanov, Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Elçin Haqverdiyev, 286 nömrəli tam orta məktəbin direktoru Samir Mehdizadə çıxışlarında narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacibliyini diqqətə çatdırdılar.