Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəman Murad Mirzəyevin barelyefinin açılış mərasimi keçirildi

11 aprel 2017 | 11:00

Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 2016-cı ilin Aprel döyüşlərinin ildönümü münasibəti ilə silsilə tədbirlər davam edir. Ölkəmizin ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına layiq görülmüş polkovnik-leytenant Murad Telman oğlu Mirzəyevin Yasamal rayonunda il mərasimi və yaşadığı binanın qarşısında xatirə lövhəsinin təntənəli açılışı keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Müdafiə Nazirliyinin əməkdaşları, Milli Məclisin deputatı Qənirə xanım Paşayeva, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Yasamal rayon təşkilatının nümayəndələri, rayon Bələdiyyəsinin sədri, Böyük Vətən Müharibəsi iştirakçıları, rayon Gənclər və İdman idarəsi, şəhidin əsgər yoldaşları Aprel döyüşlərinin iştirakçıları, məktəblilər, gənclər, rayon ictimaiyyəti, sakinlər, şəhidin doğmaları və yaxınları iştirak etdilər.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başladı, sonra Azərbaycan torpaqlarının müdafiəsi zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev aprel döyüşləri zamanı Azərbaycan Ordusunun cəsarətindən, qəhrəmanlığından danışdı. 2016-cı ilin Aprel döyüşləri zamanı Milli Ordumuzun hərbçiləri şəhidlik zirvəsinə yüksələrək öz canları və qanları hesabına hər birimizə çoxdan gözlədiyimiz qələbənin yollarını göstərdilər. Bildirdi ki, Aprel döyüşlərində qazanılmış qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi, yüksək əhval-ruhiyyə sərgiləməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir. İbrahim Mehdiyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin ildönümündə iştirak etmiş hərbi qulluqçularla görüşünün əhəmiyyətindən danışmış, Aprel hadisələri zamanı və ondan sonrakı günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hospitallarda, xəstəxanalarda yaralanmış, xəsarət almış əsgərlərimizə baş çəkməsinin, əsgərlərimizə olan diqqət və qayğının bariz nümunəsi olduğunu, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın aprel hadisələrində yaralanmış bir qrup əsgər və zabitlərlə görüşü və bu döyüşlərdə yaralanmış hərbi qulluqçulara protezlərin təqdim edilməsi dövlət rəhbərliyinin Silahlı Qüvvələrin şəxsi heyətinə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi olduğunu bildirdi.
Milli Məclisin deputatı Qənirə xanım Paşayeva 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyin azad edilməsindən, Azərbaycan bayrağının Lələ təpədə dalğalanmasından, bu yüksəkliyin azad edilməsinin strateji əhəmiyyətindən söz açdı. Qeyd etdi ki, həmin günlər Milli Ordumuzun əsgərləri doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə gedər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Aprel döyüşlərində əldə etdiyimiz qələbəmizdə vətənpərvərlik tərbiyəsinin əvəzsiz rolu danılmazdır.
Şəhidin atası Telman Mirzəyev oğlunun şəhidliyindən ötən bir il ərzində qəhrəmanın ailəsinin ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edərək Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi.
Şəhidin yaşadığı binanın qarşısında xatirə lövhəsinin təntənəli açılışı oldu, ruhuna dualar oxunaraq ehsan verildi.
Qəhrəmanın məzarı ziyarət edilərək qarşısına Yasamal rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin və xidmət etdiyi hərbi hissənin şəxsi heyəti adından əklillər qoyuldu, xatirəsi ehtiramla yad edildi.

Keçidlər