Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifəsidir

31 mart 2017 | 11:00

Yasamal rayon Heydər Əliyev mərkəzində “31 mart soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifəsidir” adlı tədbir keçirilib.

Əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələrinin əl işlərindən ibarət sərginin nümayişi oldu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu, sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov açaraq bildirdi ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən və “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər. 1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə Şamaxı, Quba və digər yerlərdə on minlərlə azərbaycanlı qəddarlıqla öldürülmüş, yaşayış məntəqələri, məscidlər, mədəniyyət abidələri yerlə-yeksan edilmişdir. 1918-1920-ci illərdə Qarabağ, Qərbi Azərbaycan və digər bölgələrdə on minlərlə soydaşımız amansızlıqla öldürülmüşdür. 1988-ci ildə ermənilərin başladıqları müharibə nəticəsində isə minlərlə insan öldürülmüş, torpaqlarımızın 20 faizi işğal edilmiş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir. S.İslamov çıxışında həmçinin ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini, Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamını Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan mühüm addım kimi tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev Azərbaycanlıların Soyqırımı Gününün tariximizə XX əsrin qanlı hadisəsi kimi yazıldığını deyib. O, bildirib ki, soyqırımı zamanı mütəşəkkil erməni birləşmələri tərəfindən minlərlə günahsız, dinc soydaşımız amansızcasına qətlə yetirilib. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da, 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümü ərəfəsində, imzaladığı fərmanda erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verildi. Fərman 20-ci əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd oldu.

Sonra 31 saylı orta məktəbin tarix müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Aida Məmmədova çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqına uzun illər öz tarixinin faciəvi səhifələri haqqında məlumat verilməyib. Saxta sovet ideoloji göstərişləri və saxtalaşdırılmış tarix həmin illərin hadisələrini tamam başqa şəkildə təqdim edib. Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış Fərman təkcə tarixi ədalətin bərpa olunması baxımından deyil, həm də xalqımızı öz kökünə, mənəvi-əxlaqi dəyərlərinə qaytarmaq, torpağa, Vətənə bağlılıq baxımından mühüm sənəddir.

31 saylı tam orta məktəbin şagirdlərinin və Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələrinin ifasında nümunəvi çıxışları da böyük maraqla qarşılandı.

Sonda soyqırım gününə həsr olunmuş film təqdim olundu.

 

Keçidlər