Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRBAYCAN TARİXİ VƏ ETNOQRAFİYASI

28 fevral 2017 | 11:00

Bildiyimiz kimi Bakı Şəhər Təhsil İdarəsi 2016-2017-ci tədris ilində "Təhsili dəyərə çevirək" devizi altında fəaliyyət göstərir. Bununla əlaqədar olaraq 28.02.2017-ci il tarixində Yasamal rayonu 21 nömrəli məktəbdə "Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiyası" mövzusunda möhtəşəm tədbir keçirildi.

İlin Od çərşənbəsinə təsadüf edən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Ümumi tarix" kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor Vəli Əliyev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Əsgərov, Yasamal rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xəqani Orucov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Arif Məmmədov, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun "Qarabağ tarixi" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev, tarix üzrə elmlər doktoru "Keçmişdən gələcəyə" verilişinin aparıcısı, etnoqraf Güllü Yaloğlu, AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Rizvan Babaşov, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru,etnoqraf Sevil Ağamalıyeva, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, etnoqraf Şövqi Həsənov, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, etnoqraf Cəlal Novruzov, böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Taleh Əliyev, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, etnoqraf Tahir Şahbazov, məktəb rəhbərliyi və müəllim kollektivi iştirak edirdi.

Tədbir iştirakçıları əvvəlcə foyedə nümayiş olunan tariximizin müxtəlif mərhələrini əks etdirən kitab sərgisi, "Tarix uşaqların gözü ilə" adı altında hazırlanmış rəsm və əl işləri sərgisi ilə tanış oldular. Qədim tarixi məişət əşyalarının nümayişi hamı tərəfindən böyük maraqla qarşılandı. Məktəb şagirdlərinin "Cəngi" sədalarının altında zala girişi tədbir iştirakçılarının gurultulu alqışına səbəb oldu. Aparıcılar qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra Dövlət Himni səsləndi. Ardınca şagirdlər tarixin bütün mərhələlərini əks etdirən məlumatlar oxudular. 5a sinif şagirdi Xədicə Baxşəliyevanın oxuduğu "Azərbaycan" mahnısı hamıya xoş təəssürat bağışladı. Azərbaycan tarixini və etnoqrafiyasını əks etdirən videoslaydlar nümayiş olundu. Şagirdlərin ifasında səslənən bütün şeirlər və mahnılar tədbir iştirakçıları tərəfindən gurultulu alqışa səbəb oldu. Tədbirin "Etnoqrafiya" hissəsində qədim adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi özündə birləşdirən Novruz bayramının adətləri xüsusi yer tutdu. Milli geyimli qizlar və oğlanlar Novruz bayramına aid səhnəciklər, rəqslər nümayiş etdirdilər.

Tədbirin sonunda çıxış edən qonaqlar məktəb rəhbərliyini və pedaqoji kollektivi bu möhtəşəm tədbir münasibətilə urəkdən təbrik edərək onlara  xoş arzularını bildirdilər.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimovanın rəhbəri olduğu institut adından məktəbimizin direktoru Rəna Ağazadə "Təhsili dəyərə çevirək" devizi altında "Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiyası" adlı tədbirin təşkilindəki fəaliyyətinə, tarix, arxeologiya və etnoqrafiya elmlərinin orta məktəbdə təbliğində göstərdiyi xidmətlərə görə Fəxri Fərmanla təltif olundu.

Keçidlər