Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı
Yasamal rayonundakı 53 saylı tam orta məktəbdə rayon İcra Hakimiyyəyinin təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş rayon tədbiri keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti rəhbərliyi, rayon ictimaiyyəti, müəssisə və təşkilat rəhbərləri, Xocalı və Xankəndindən olan şəhid ailələri iştirak etdilər.
Anım mərasimini giriş sözü ilə açan 53 saylı tam orta məktəbin direktoru Firəngiz Həsənova Xocalı faciəsini bəşəri cinayət adlandırdı və erməni vandalizminin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev dəhşətli faciənin yaranma səbəblərindən danışdı. Bildirdi ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi var. Bu çirkin siyasətin məqsədi Azərbaycanlıları ata-baba torpaqlarından deportasiya etmək, Azərbaycan ərazilərində erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “Böyük Ermənistan” dövləti yaratmaq idi. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə əmin-amanlıq yaradılmış, baş verən hadisələr barəsində xalqa real, müfəssəl məlumatlar verilmişdir. Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Məruzəçi vurğuladı ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycanı dünya birliyində söz sahibinə çevirib.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev və digərləri Xocalı faciəsinin insanlığa sığmayan cinayət olduğunu bildirmişlər.
Sonra Şuşa Musiqili Dram Teartının aktyorlarının ifasında Xocalı faciəsinə həsr olunmuş musiqili-ədəbi kompozisiya nümayiş etdirildi və soyqırımı qurbanlarının ruhuna ehsan süfrəsi verildi.