Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsi - 25 illik ağrı

23 fevral 2017 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəyinin və Qeydiyyat şöbəsinin təşkilatçılığı ilə keçirilən Xocalı faciəsinə həsr olunmuş tədbir iştirakçılarının foyedə təşkil olunmuş sərgiyə baxışı ilə başlandı. Rayon məktəblilərinin əl işlərindən ibarət sərgidə Xocalıda baş verən soyqırımı öz əksini tapmışdı.

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Yasamal rayon Qeydiyyat Şöbəsinin rəisi İlahə Ələsgərova soyqırımı barədə məlumat verərək, qeyd etdi ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək dinc, əliyalın əhalini amansızcasına qətlə yetirmiş və tarixdə misli görünməmiş soyqırımı törətmişdir. Xocalı işğal olunduqdan sonra şəhər yerlə-yeksan edilmiş, tarixi-mədəni abidələr dağıdılmış, qaçıb canını qurtara bilməyən sakinlər öldürülmüş, girov götürülmüşdür. Girov götürülmüş sakinlərə qarşı amansız zorakılıq tətbiq edilmişdir: “Tarixdə analoqu olmayan bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirmişdir. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanmış,1275 nəfər isə əsir götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil ”.

Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova Xocalı qurbanlarının anım mərasimləri ilə əlaqədar rayonda silsilə tədbirlər keçirildiyini bildirərək qeyd etdi ki,bu günki tədbir “Ana harayı” abidəsinin önündə 308 saylı tam orta məktəbin şagirdlərinin ifasında nümayiş olunan kompozisiya ilə başlamışdır.

T.Muradova qeyd etdi ki, yetişən gənc nəsil erməni quldurlarının bu vəhşiliyi ilə yaxından tanış olmalı, Vətənin müdafiəsində həmişə ayıq-sayıq dayanmalıdırlar: “Ermənistan dövləti də yaxşı bilir ki, indi Azərbaycan o dövrkü deyil. Hazırda bizim mətin, qüdrətli ordumuz var. Dövlətimizin başçısının həyata keçirdiyi düşünülmüş siyasi kurs insanlarda gələcəyə böyük inam yaradıb. Bu qan yerdə qalmayacaq ”.

Həmin dəhşətli hadisələrin canlı şahidləri olmuş, valideynlərini, yaxınlarını itirmiş Xocalı sakinləri Zəminə Abdullayeva və Sabir Qurbanov erməni vəhşiliyindən, həmin gecə qarşılaşdıqları müsibətlərdən söhbət açdılar.

Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərov, Böyük Vətən müharibəsi iştirakçısı Damət Nəbiyev, YAP Yasamal rayon Qadınlar təşkilatının sədri Tamella Şahbazova, rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov və digərləri ermənilərin Xocalıda törətdikləri qətliamdan danışdılar.

Sonra Xocalı faciəsinə həsr olunmuş film və M.Müşfiq adına 18 saylı tam orta məktəbin şagirdlərinin ifasında kompozisiya nümayış etdirildi.

Keçidlər