Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5 illiyi qeyd olundu

13 fevral 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin icrasını tələb olunan səviyyədə təmin etmək məqsədilə ötən beş ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdirəlayiq işlər görülüb. Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5 illiyinə həsr olunmuş yığıncaq keçirildi. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Yığıncağı rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev açaraq vurğuladı ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 5 il ərzində böyük inkişaf yolu keçərək ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz layiqli töhVəsini verib.Xidmət tərəfindən ötən illərdə “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanundan irəli gələn vəzifələrə uyğun olaraq səfərbərlik hazırlığının təmin edilməsi üçün bütün respublika üzrə yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə səfərbərlik hazırlığı üzrə məşğələlər keçirilib. Həmçinin Silahlı Qüvvələrə təhkim olunmuş hərbi vəzifələrin xəbərdar edilməsi və praktiki toplanması təşkil olunub, hərbi vəzifəlilər qeydiyyatdan keçirilərək qanunvericiliyin tələbləri onlara izah edilib.

Yığıncaqda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinin rəisi, polkovnik Natiq Hüseynov, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İB Yasamal rayon təşkilatının sədri, Qarabağ müharibəsi veteranı Bəhram Şeydayev, 286 saylı orta məktəbin hərbi hazırlıq rəhbəri Elşən Vəliyev, Böyük Vətən Müharibəsi veteranı, təyyarəçi Damət Nəbiyev, Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı Yeganə Ələkbərova çıxış etdilər.

Toplantıda Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Fəxri Fərmanı ilə təltif olundu.

Keçidlər