Yasamal rayonunda "Azexport.az" portalı üzrə təşviq və kommunikasiya işlərinin təşkili ilə bağlı sahibkarlarla görüş keçirildi
Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan məhsullarının vahid məlumat bazası "Azexport.az" portalı üzrə təşviq və kommunikasiya işlərinin təşkili ilə bağlı rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirildi.
İclası Rayon İcra Hakimiyyəti başçısının I müavini Səməd İslamov açaraq sahibkarlığın və qeyri-neft sektorunun inkişafının ölkədə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən biri olduğunu, aparılan iqtisadi islahatlar nəticəsində son illər ərzində bu sahədə mühüm nailiyyətlər əldə edildiyini, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artdığını, ixrac potensialı yüksək olan rəqabətqabiliyyətli malların istehsalının genişləndiyini qeyd edərək, ölkə başçısının “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 18 yanvar 2016-cı il tarixli sərəncamını və “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında 5 oktyabr 2016-cı il tarixli Fərmanını xatırladaraq bildirdi ki, dövlət başçısının bu Fərman və Sərəncamından irəli gələn tapşırıqlarına uyğun olaraq, bu portalın da rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların “Made in Azerbaijan” brendi altında xarici bazarlarda satılması və tanınmasında böyük rolu olacaqdır.
“Azexport.az” portalının rəhbəri Zaur Qardaşov dövlət başçısının Azərbaycan mallarının beynəlxalq səviyyədə təbliği üçün yeni imkanların yaradılmasının zəruriliyini, ölkədə fəaliyyət göstərən sahibkarların əhatə dairəsinin, istehsal imkanlarının artmasının və onlara dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə 21 sentyabr 2016-cı il tarixində “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” Sərəncam imzaladığını bildirərək, bu sərəncam əsasında ölkədə istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən portalın, yəni “Azexport.az”-ın yaradıldığını qeyd etdi. O, portalın yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq, beynəlxalq bazara inteqrasiya prosesini sürətləndirmək və bu sahədə əlverişli şəraiti daha da genişləndirmək məqsədi daşıdığını diqqətə çatdırdı.
Sonra “Cybernet” şirkətinin əməkdaşı Səadət Salehova sahibkarları “Azexport.az” portalında istehsalçı şirkətlərin və onların nümayəndəliklərinin qeydiyyatı və məhsul məlumatlarının yerləşdirilməsi qaydaları ilə tanış etdi.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırıldı və onlara “İstehsalçı şirkətlərin və onların nümayəndəliklərinin qeydiyyatı və məhsul məlumatlarının yerləşdirilməsi üzrə İstifadəçi Təlimatı” paylanıldı.