Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir
Yasamal rayonundakı 1 saylı tibb məktəbinin akt zalında rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin 2016 - cı ilin sosial - iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Hesabat iclasını giriş nitqi ilə Rayon İcra Hakimiyyəti başçısının müavini T. M. Muradova açmışdır. Daha sonra F. M. Pənahov 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin il ərzində gördüyü işlər barədə məlumat verərək bildirmişdir ki, nümayəndəlik ərazisində 14058 ev təsərrüfatı, 51635 ailə təsərrüfatı üzvü haqqında məlumat qeydə alınmışdır. 2016-cı il ərzində nümayəndəliyin ərazisində yaşayan sakinlərin sosial əhəmiyyətli sifarişləri öyrənilmiş, nümayəndəliyə müraciət edən vətəndaşların problemləri araşdırılmış və bu barədə rayon İcra Hakimiyyəti başçısına məlumatlar təqdim edilmişdir.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi rayon ərazisində keçirilən tədbirlərdə və rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmişdir.
Yığıncaqda çıxış edən Yasamal rayon Bələdiyyəsinin sədri Zakir Cəfərov və Qarabağ Müharibəsi əlilləri, veteranları və Şəhid ailələri ictimai birliyinin sədri Bəhram Şeydayev son illər Yasamal rayonunda görülən əzəmətli quruculuq işlərindən danışmış, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə göstərilən xidmət daim diqqət mərkəzində olduğunu və Nümayəndəliyin ərazidə keçirilən bütün tədbirlərdə və rayonun ictimai-siyasi həyatında yaxından iştirakını qeyd etmişlər. Yasamal 17 saylı III seçki dairəsinin sədri Qədir Kərimov nümayəndəliklə qarşılıqlı iş birliyi və seçkiqabağı dövrdə nümayəndəliyin gördüyü işlər haqqında çıxış etmişdir.
Sonda 3 nömrəli SİƏD üzrə Nümayəndəsinin müavini Rüstəm Mehdi oğlu Mehdizadə tərəfindən hesabat iclasının yekununa dair qərar layihəsi oxunmuşdur.
Yığıncaqda iştirak edənlər rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2016-cı il üçün hesabatını qənaətbəxş hesab etmişlər. Hesabat yığıncağının yekununda müvafiq qərar qəbul olunmuşdur.