Yasamal rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat iclası
Yasamal rayon 53 nömrəli tam orta məktəbin akt zalında Yasamal rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2016-ci il ərzində gördüyü işlər haqqında hesabat iclası keçirilmişdir.
Ilk növbədə hesabat məruzəsi ilə çıxış edən Yasamal rayon İcra Hakimiyyəti Başçısının 2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Mehman Muxtarov qeyd etmişdir ki, nümayəndəlik 20.212 ailə təsərrüfatı 64.327 təsərrüfat üzvündən ibarətdir. Yasamal rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2016-cı ildə öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsanamə” yə və Yasamal rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və tapşırıqlarına əsasən həyata keçirmişdir. Hər il olduğu kimi, 2016-cı ildə nümayəndəlik tərəfindən ev təsərrüfatlarının uçotu kitabları yoxlanılmış, aparılmış qeydlər bir daha dəqiqləşdirilmiş və bu işlər il ərzində mütəmadi olaraq davam etdirilmişdir.
2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik fəaliyyəti dövründə əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri və digər qurumlarla sıx əlaqə yaradaraq, rayon İcra Hakimiyyəti başçısının Sərəncam və göstərişlərinin icra edilməsi məqsədilə onların fəaliyyətinin koordinasiya edilməsinə çalışmışdır.
Ərazinin sanitar vəziyyəti, küçələrin süpürülməsi, məişət tullantılarının vaxtında daşınması daimi nəzarətdə saxlanılmış, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində operativ işlər görülmüş, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə tədbirlər görülmüş, nəticələri barədə Rayon İcra Hakimiyyətinə mütəmadi olaraq məlumat verilmişdir. Mənzil Kommunal İstismar Sahələri tərəfindən yaşayış binalarında təmirə ehtiyacı olan dam örtükləri, su axıdıcı borular, keçid meydançaları və pilləkən qəfəsləri cari təmir olunmuşdur.
Yasamal rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Muxtarov hesabat dövründə həyata keçirilmiş ən başlıca tədbirimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının imzaladığı sərəncama əsasən 2016-cı il sentyabrın 26-sında Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi - referendum olduğunu vurğulamışdır.
Hesabatda Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Cəfərov Zöhrab , Z.Xəlilov küçəsi 553-cü məhəllə Ağsaqqalar şürasının sədr müavini İmran Əhmədov, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyin Yasamal rayon şöbəsinin sədri Şeydayev Bəhram çıxış edərək nümayəndəliyin 2016-cı il ərzində gördüyü işlər haqqında danışaraq hesabatın qənaətbəxş olduğunu qeyd etmişlərdir.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır.