Yasamal rayonunda Gənclər günü qeyd olundu.
Yasamal Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayondakı Heydər Əliyev Mərkəzində 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə rayon gənclərinin tədbiri keçirildi.
Əvvəlcə tədbir iştirakçıları rayon gənclərinin vətənpərvərlik mövzusunda çəkdikləri rəsm işlərindən ibarət sərgiyə baxıb, mərkəzdə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Tədbirdə çıxış edən rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov bildirdi ki, ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Gənclər Gününün təsis edilməsindən 20 il ötür. Bu əlamətdar gün Yasamal rayonunda da geniş qeyd edilir. Ötən dövrdə dövlət gənclər siyasətinin icrası istiqamətində rayonda çoxsaylı tədbirlər həyata keçirilib. Gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili, istedadlı və yaradıcı gənclərin aşkarlanması istiqamətində görülmüş tədbirlər bu layihələrdəndir.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev qeyd etdi ki, ölkəmizdə gənclərə belə böyük dəyərin verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Liderin 1997-ci ildə imzaladığı Fərmanla 2 fevral – Gənclər Günü kimi qeyd olunmağa başlanıb. Bu, Heydər Əliyevin gənclərə olan yüksək etimadından irəli gəlirdi. Ulu öndər Heydər Əliyevin siyasi xəttində gənclərə yüksək diqqət və qayğı daim özünü bariz şəkildə göstərib.İcra başçısı bu gün də ölkədə gənclər siyasətinin uğurla davam etdirildiyini, gənclərin beynəlxalq səviyyədə təhsil almaları, onların həyatın müxtəlif sahələrində layiqincə təmsil oluna bilmələri üçün geniş imkanların yaradıldığını, dövlət idarəçilik sistemində önə çəkildiyini bildirdi.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov gənclərə gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayaraq ölkədə gənclər siyasətinə xüsusi diqqət və həssaslıqla yanaşıldığını qeyd etdi.
Sonra Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva “Gənclərin ictimai-siyasi həyatda yeri və rolu”, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Vüsalə Niftəliyeva “Gənclərin kreativ düşüncə və peşəkar fəaliyyətlərinin dəstəklənməsi”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşı Tural Nağdıyev “ASAN xidmət” və müasir innovativ gənclik” mövzularında çıxışlar etdilər.
Tədbirdə bir qrup gəncə Gənclər Günü münasibətilə fəxri fərman və xatirə hədiyyələri təqdim edildi.
Sonda gənclər arasında keçirilmiş “Vətənim Azərbaycan” mövzusunda rəsm və “Heydər Əliyev vətənpərvərliyi müasir gənclik üçün örnəkdir” mövzusunda inşa yazı müsabiqələrinin qalibləri mükafatlandırıldılar.