20 Yanvar şəhidləri xalqımızın qəhrəmanlarıdır
20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə M.Müşfid adına 18 nömrəli tam orta məktəbdə anım tədbiri keçirildi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov çıxış edərək bildirdi ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini nəinki qıra bilmədi, əksinə, milli azadlıq mübarizəsini daha da gücləndirdi. Buna görə də 20 Yanvar xalqımızın tarixinə təkcə ümumxalq hüzn günü kimi deyil, qəhrəmanlıq salnaməsi kimi də həkk olunub. Çünki bütün dünya xalqımızın qəhrəmanlığının,mübariz-liyinin, azadlıq ruhunun yenilməzliyinin şahidi oldu. Sovet ordusunun qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri xalqımızın qəhrəmanlarıdırlar. S.İslamov çıxışında 20 Yanvar faciəsinə ilk siyasi qiymətin həmin vaxt Moskva-da yaşayan ulu öndər Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırdı. Yanvarın 21-də ümummilli lider Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib təcavüzə kəskin etirazını bildirməsi, qanlı faciəni törədənləri dünya ictimaiyyəti qarşısında ittiham etməsi xüsusi vurğulanıb. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra – 1994-cü ildə verildiyi qeyd olundu.
Məktəbin direktoru Rəna Süleymanova da çıxışında 20 Yanvarın Azərbay-canın tarixində təkcə faciə günü deyil, xalqımızın azadlıq mübarizəsinin şanlı səhifəsi olduğunu söylədi. Qeyd etdi ki, 20 Yanvar uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqımızın azadlıq səsini ucaltdığı, istiqlaliyyət və suverenlik uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli tarixdir.
Aprel döyüşlərində şəhid olan 19 yaşlı əsgər Cabbarxan Hacıağayevin atası İlham Hacıağayev şəhidlərimizin qanının yerdə qalmayacağına inandığını vurğulayaraq, torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə əminliyini bildirdi.
Sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya və faciə ilə bağlı çəkdikləri film nümayiş etdirildi. Tədbirin sonunda iştirakçılar şagirdlərin əl işlərindən ibarət “20 Yanvar-27 il” adlı rəsm sərgisi ilə tanış oldular.