Şriftin ölçüsü :

Saytın rəngi :

“İşğaldakı sərvətimiz” adlı rəsm sərgisi

02 dekabr 2016 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “İşğaldaki Sərvətimiz” adlı bədii rəsm sərgisinin açılışı oldu. Sərgidə 17-29 yaş arasında gənc rəssamların əsərləri nümayiş olundu.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, Rəssamlar ittifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, Rəssamlar ittifaqının nümayəndəsi Xanlar Əhmədov, Rəssamlar ittifaqının üzvləri Fəxrəddin Qəhrəmanli və Arif Əzizov, Rəssamlıq Fakültəsinin dekan müavini Aslan Xəlilov, Sənətşunas və Gənc pedaqoq Mehbarə Abbasova və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə Zöhrab Cəfərov açaraq bildirdi ki, Qarabağın beşiyi sayılan Şuşa Zaqafqaziyanın konservatoriyası hesab olunmuşdur. Məhz buna görə də işğal altında olan milli sərvətlərimizin təbliği hər zaman önəmlidir. Şuşada rəsmən qeydə alınmış 170 memarlıq və 160 incəsənət abidəsi var idi. Şəhərdə Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Xan qızı Natəvanın evi, Üzeyir Hacıbəyovun ev-muzeyi və Vaqif türbəsi yerləşirdi. Qarabağ müharibəsi zamanı Hacı Quluların mülkü, Şuşa Realnı məktəbi, Süleyman Vəzirovun evi və s. ermənilər tərəfindən məhv edilmişdir.Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır. Şuşanın inzibati mərkəz olmasına, onun iqtisadi cəhətdən yaxşı inkişaf etməsinə, şəhərin füsunkar təbiətinə və coğrafi mövqeyinə, buranın uzun müddət Azərbaycanın elm, poeziya, xüsusilə musiqi mədəniyyəti mərkəzi olmasına əsaslanaraq xalq şairi Səməd Vurğun yazırdı: "Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət tapmışdır" .

Naminə Ömərova öz çıxışında bildirdi ki, Qarabağda düşmən təcavüzü nəticəsində məhv edilmiş milli-mədəni irsimiz, tarixi abidələrimiz habelə təbii sərvətlərimizi əks etdirən rəsm əsərlərinin nümayişi çox vacibdir. Xalq rəssamı Ağəli İbrahimov və layihə rəhbəri Fidan Böyükbabalı öz çıxışlarında vurğuladılar ki, Qarabağ özünün maddi və mənəvi mədəniyyətinin bütün komponentləri ilə tamamilə Azərbaycan xalqına məxsusdur.Qarabağ xalçası, milli geyimləri, əltikmə işləri nəinki Azərbaycanda, hətta bütün Şərq ölkələrində tanınır və yüksək qiymətləndirilir.

Sərgiyə baxış keçirildi.Tədbirin sonunda müğam üçlüyü çıxış etdi.

Sərgi dekabrın 2-dən 4-nə dək davam etdi.

Keçidlər