Şriftin ölçüsü :

Saytın rəngi :

«İslam dini tolerantlıq və dözümlülük nümunəsi» mövzusunda konfrans keçirildi

23 noyabr 2016 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə İcra Hakimiyyətinin akt zalında «İslam dini tolerantlıq və dözümlülük nümunəsi» mövzusunda konfrans keçirilmişdir. Tədbirdə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələri, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, idarə, müəssisə və təşkilatlarda çalışan gənclər, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Toplantını açıq elan edən Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov konfrans iştirakçılarını salamlamış və bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli, 1673 nömrəli sərəncamına müvafiq olaraq 2016-cı il respublikamızda “Multikulturalizm ili” elan edilmişdir. İlham Səfərov “Multikulturalizm ili” çərçivəsində idarə tərəfindən görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış etmiş, idarənin tədbirlər planına müvafiq olaraq, rayon orta ümumtəhsil məktəbliləri arasında “Tolerantlığı əks etdirən Azərbaycan memarlıq abidələri” mövzusunda foto, ali və orta ixtisas təhsil müəssisələrinin gəncləri arasında “Multikulturalizm” mövzusunda rəsm müsabiqələrinin təşkil edildiyini qeyd etmişdir. İlham Səfərov rayonda İslam dininin nümayəndələrinin digər dinlərin nümayəndələri ilə birgə mehriban qonşuluq şəraitində yaşadığını qeyd etmiş, bu halın sevindirici hal olduğunu xüsusi vurğulamışdır.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov «Dövlət din münasibətləri», Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurulla «İslamda sülh və tolerantlıq», Bakı Dövlət Universitetinin hüquq fakültəsinin IV kurs tələbəsi Mirhadi Səmədzadə «Milli-mənəvi dəyərlərin təbliği və tolerant mühitinin formalaşmasında gənclər təşkilatlarının yeri və rolu», Yasamal rayon DTX-nin rəisi İlham Qasımzadə «Dövlət din münasibətləri milli təhlükəsizliyin tərkibi kimi», Yasamal rayon prokuroru Rasim Hacıyev «Dövlət din münasibətlərinin tənzimlənməsinə dair qanunvericilik bazasının əsasları», Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov «Bakı 2017 IV İslam Həmrəylik Oyunları İslam həmrəyliyinin möhkəmlənməsinin əsası kimi» mövzularında çıxış etmişlər. Konfransı Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev «Gənclərə tövsiyə» mövzusunda yekun çıxış edərək vurğuladı ki,ölkə prezidenti cənab İlham Əliyevin bildirliyi kimi multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda ictimai sifarişdir. Tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq müstəqil Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına, sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəldilmiş mühüm layihələrin, forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Məhz 2016-cı ilin aprel ayında ölkəmizdə keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal forumu, 2017-ci ildə keçiriləcək IV İslam Həmrəylik Oyunları da bundan qaynaqlanır. İbrahim Mehdiyev bildirdi ki, ölkəmiz tarixən milli və dini baxımdan hər zaman tolerant bir ölkə olmuşdur. Azərbaycanda çoxsaylı etnosların və müxtəlif dinlərin nümayəndələrinin birlikdə yaşamasına baxmayaraq dini qarşıdurma baş verməmişdir. Dini dözümlülüyü, tolerantlığı daima dəstəkləyən Ümummilli Lider Heydər Əliyev gənclərimizin bu ruhda tərbiyə olunmasını bizlərə tövsiyyə etmişdir. Yeniyetmə və gənclərimizin başqa dinlərə qarşı dözümlülük ruhunda tərbiyə edilməsinin vacib məsələ olduğunu vurğulayan Ümummilli Lider Heydər Əliyev eyni zamanda bu işin mürəkkəb və çətin olduğunu da qeyd edirdi.

Konfransda Yasamal rayonundan seçilmiş Millət Vəkili Elşad Həsənov iştirak etmişdir.

Tədbir zamanı məruzəçilər iştirakçılar tərəfindən onlara ünvanlanmış sualları ətraflı cavablandırmışlar.

Keçidlər