Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan ədliyyəsi və müasir gənclik” mövzusunda tədbir keçirildi

21 noyabr 2016 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə “Azərbaycan ədliyyəsi və müasir gənclik” mövzusunda tədbir keçirildi.

Əvvəlcə iştirakçılar Ulu Öndərin əziz xatirəsini yad edərək abidəsi önünə tər çiçəklər qoydular.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri açıq elan edən Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev əlamətdar gün münasibətilə ədliyyə işçilərini təbrik edərək bu bayramın ulu öndər Heydər Əliyev tərəfindən təsis edildiyini diqqətə çatdırdı. İcra başçısı bildirdi ki, əsrə bərabər zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 98 il ötür. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji istiqamətlərə uyğun olaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşərək yeni-yeni uğurlara imza atıb.

Ulu öndər Heydər Əliyevin qanunun aliliyinə, qanunçuluğun təmin olunmasına, ədalətin bərqərar edilməsinə daim xüsusi diqqət yetirdiyini deyən İ.Mehdiyev həmçinin qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin ideya və amallarını davam etdirərək ölkəmizi ən sürətlə inkişaf edən dövlətlər sırasına çıxarıb. Ölkə həyatının bütün sahələrində dinamik tərəqqinin və böyük uğurların şahidi oluruq.

Sonra Yasamal rayon Qeydiyyat şöbəsinin rəisi İlahə Ələsgərova çıxış edərək ədliyyə və məhkəmə orqanlarının fəaliyyətinə xüsusi diqqət yetirildiyini, qanunvericiliyin əsaslı surətdə yeniləndiyini, ədliyyənin, məhkəmə orqanlarının inkişafı, müasirləşdirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən fərman və sərəncamların imzalandığını, dövlət proqramlarının icra olunduğunu qeyd etdi.

Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova ədliyyə orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, açıq hökumət prinsiplərinin və yeni texnologiyaların tətbiqi istiqamətində əsaslı tədbirlər görüldüyünü, qeydiyyat prosedurlarının artıq avtomatlaşdırılmış informasiya sistemi vasitəsi ilə həyata keçirildiyini bildirib. Ölkə başçısının tövsiyələrinə uyğun olaraq ədliyyə orqanları tərəfindən vətəndaşlara öz hüquqlarının həyata keçirilməsi üçün bütün lazımi tədbirlərin görülməsinin bundan sonra da davam etdiriləcəyini vurğuladı.

Millət vəkili Elşad Həsənov, Yasamal rayon Prokuroru Rasim Hacıyev,Dövlət Təhlükəsixlik Xidmətinin Yasamal rayon şöbəsinin rəisi İlham Qasımzadə öz çıxışlarında ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, ədliyyə orqanlarının cəmiyyətimizdə rolunu və şəffaf fəaliyyətini vurğulayaraq dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin icrasında ədliyyə işçilərinə uğurlar arzulamışlar.

Tədbir zamanı iştirakçılara Yasamal rayon Qeydiyyat şöbəsində nikahın və doğumun qeydiyyatı aparılmasını canlı bağlantı vasitəsilə izləmək imkanı da yaradılmışdır.

Sonra Bakı Dövlət Universitetinin hüquq ixtisası tələbələrinə informasiya xarakterli bukletlər təqdim olunub, onların sualları cavablandırıldı.

Tədbirin sonunda Azərbaycan Ədliyyəsinin müasir fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirildi.

Keçidlər