9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş bayram tədbiri keçirildi.
Yasamal rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzi ilə birlikdə 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçirildi.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və dövlətin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olan əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirinin şəxsi heyət baş idarəsinin müavini polkovnik-leytenant Elvin Əzizov çıxış edərək Dövlət Bayrağı Günü münasibətilə iştirakçıları təbrik edib, üçrəngli bayrağımızın yaranma tarixindən, kəsb etdiyi mənalardan danışdı. Diqqətə çatdırdı ki, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunan üçrəngli bayrağımız, 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra dəyişdirilib, XX əsrin sonunda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yenidən bərpa olunub. E.Əziziov bildirib ki, hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza ehtiram göstərməyi özünün müqəddəs borcu hesab edir. Dünyanın ən uca bayrağının Azərbaycanda dalğalanması, ölkəmizin bütün bölgələrində bayraq meydanlarının inşa edilməsi xalqımızın dövlət bayrağına olan sevgi və hörmətinin təcəssümüdür.
Sonra Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova çıxış edərək bildirdi ki, Dövlət Bayrağı millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının, bəşər sivilizasiyasında qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür. Üçrəngli, ay-ulduzlu bayrağımız hər bir ölkə vətəndaşının inam və güvənc yeridir. T.Muradova öz çıxışında qeyd etdi ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş və mənəvi-psixoloji hazırlığın gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Gündən-günə güclənən, qüdrətlənən Azərbaycan Ordusu dövlətimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanaraq, müqəddəs missiyasını şərəflə yerinə yetirir. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunacaq, üçrəngli bayrağımız işğal altındakı torpaqlarımızda dalğalanacaq. Təravət Muradova çıxışının sonunda Vətən uğrunda keşik çəkən, şəxsi rəşadət və şücaət nümunələri göstərən igid döyüşçülərimizi bayram münasibətilə təbrik edib və tezliklə zəfər bayrağımızın Şuşada, Ağdamda, Kəlbəcərdə və işğal altında olan digər torpaqlarımızda dalğalanacağına əminliyini ifadə etdi.
Tədbirdə Beynəlxalq müsabiqələr laureatı, Yasamal rayon 16 saylı musiqi məktəbinin 3-cü sinif şagirdi Atilla Məmmədli Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa etdi. Rayonun 13 saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Hikmət Fərəczadə Bəxtiyar Vahabzadənin “Bayraq” şerini səsləndirdi. Abbas Mirzə Şərifzadə adına mədəniyyət mərkəzinin rəqs kollektivi “Şənlik” rəqsi ilə çıxış etdilər. Tuqay İsmayılov “Qarabağ şikəstəsi” oxuyuraq hər kəsi riqqətə gətirdi.
Tədbirin sonunda Dövlət Bayrağı Gününə həsr olunmuş video-çarx nümayiş olundu.