Multikulturalizm həyat tərzidir
Yasamal rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəti və Yasamal rayon Mərkəzi Kitabxana sisteminin təşkilatçılığı ilə “Multikulturalizm həyat tərzidir” adlı tədbir keçirildi.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vaqif Məmmədov; Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova; Dünya azərbaycanlıların Həmrəyliyinə Dəstək İctimai Birliyinin prezidenti Tofiq Əlizadə; Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin elmi katibi Hüseyn İbrahimov; BDU-nun magistrantı Ceyhun Əhmədov; Yazıçı Qadınlar jurnalının baş redaktoru və təsisçisi Nüşabə Məmmədli; “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva; mədəniyyət işçisi, BDU-nun biblioqrafiyaşünaslıq kafedrasının müəllimi, jurnalist İradə Əlili, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Vəfa Quliyeva , əməkdaşları və oxucuları iştirak etdilər.
Qonaqlar Mərkəzin “Muzey” bölməsində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad etdilər.
Tədbir Multikulturalizm mövzusuna həsr olunmuş video-çarxın nümayişi ilə başladı.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova tədbiri giriş sözü ilə açaraq multikulturalizmin xalqların sosial-mədəni inkişaf təcrübəsində, dünya mədəniyyətinin tarixi qanunauyğunluqlarını bilmə və Azərbaycanın qabiliyyətli və təhlükəsiz inkişafında mühüm nəzəri və əhəmiyyət kəsb etdiyini bildirdi.
Yasamal rayon MKS-nin direktoru Vəfa Quliyeva öz çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili” elan etməsində məqsəd Azərbaycanda multikulturalizmin ənənələrinin qorunub saxlanılmasının, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunmasının təmin edilməsindən danışdı. O, həmçinin çıxışında qeyd etdi ki , Yasamal rayonunun müxtəlif müəssisələrində, eləcə də Yasamal rayon MKS-də multikulturalizm mövzusunu əhatə edən silsilə tədbirləri ilboyu həyata keçirilib.
Daha sonra Yasamal rayon MKS-nin əməkdaşı Elvira Məmmədova “Multikulturalizmin Azərbaycan modeli” adlı geniş məruzə ilə çıxış etdi.
Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vaqif Məmmədov öz çıxışında vurğuladı ki, ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.
Digər çıxış edənlər Azərbaycanda dinlərarası dialoq və tolerantlığın dünyanın bir çox polietnik regionları üçün nümunə olan xüsusi modelinin formalaşdığını, multikulturalizmin bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla sıx bağlı olduğunu vurğuladılar.
Tədbirin sonunda “Multikulturalizm” mövzusuna həsr olunmuş sərgiyə baxış keçirildi.