Yasamal rayonunda şəhidlərin xatirəsi anılıb
Yasamal rayonunda Vətən müharibəsi şəhidləri mayor Əliyev Asiman Vaqif oğlunun və çavuş Quliyev Namiq Natiq oğlunun əziz xatirəsi anılıb.
Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər. Şəhidlərin məzarları ziyarət olunub, önlərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının şərəfli döyüş yolundan bəhs edilib, onların xalqımızın yaddaşında daim yaşayacağı vurğulanıb.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrinə başsağlığı verərək bildirib ki, Azərbaycan dövləti tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcək. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələrinin sosial məsələlərinin həlli və onların ehtiyaclarının diqqətdə saxlanılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Qeyd edək ki, mayor Asiman Əliyev 1987-ci il fevralın 1-də Ordubad rayonunun Düylün kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2020-ci il Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib və noyabrın 7-də qəhrəmancasına şəhid olub. Sağlığında III dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilib. Ölümündən sonra “Vətən uğrunda”,“Xocavəndin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.
Əsgər Namiq Quliyev 2001-ci il dekabrın 31-də Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhəri 13 nömrəli tam orta məktəbdə təhsil alıb, 2018-ci ildə məktəbi bitirib. Həqiqi hərbi xidmətini Tərtər rayonunda yerləşən hərbi hissədə keçib. Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 2020-ci il oktyabrın 25-də qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.








