Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda şəhidlərin xatirəsi anılıb

26 oktyabr 2026 | 11:46

Yasamal rayonunda Vətən müharibəsi şəhidləri Ağayev Şahin Azər oğlunun və Rzayev Mirsafa Mircəlil oğlunun əziz xatirəsi anılıb.

Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər. Şəhidlərin məzarları ziyarət olunub, önlərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının şərəfli döyüş yolundan bəhs edilib, onların xalqımızın yaddaşında daim yaşayacağı vurğulanıb.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrinə başsağlığı verərək bildirib ki, Azərbaycan dövləti tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcək. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələrinin sosial məsələlərinin həlli və onların ehtiyaclarının diqqətdə saxlanılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Şahin Ağayev 1993-cü il dekabrın 13-də Bakı şəhərində anadan olub. Azərbaycan Milli Aviasiya Akademiyasını pilot ixtisası üzrə bitirib. 2020-ci il oktyabrın 25-də Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”,“Cəbrayılın azad olunmasına görə” medalları  və “Vətənə xidmətə görə”  ordeni təltif edilib.

Mirsafa Rzayev 1995-ci il fevralın 19-da anadan olub. Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirib. 2020-ci il oktyabrın 27-də Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və  “Vətənə xidmətə görə”  ordeni  ilə təltif edilib.

Keçidlər