Şəhid Elvin Salahovun anım mərasimi keçirilib
Badamdar qəbiristanlığında Vətən müharibəsi şəhidi əsgər Elvin Salahov Sabir oğlunun anım mərasimi keçirilib.
Mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar şəhidin məzarı önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
2001-ci il sentyabrın 17-də Bakı şəhərində anadan olan Elvin Salahov Sabir oğlu Yasamal rayonunda yerləşən A. Məmmədov adına 38 nömrəli tam orta məktəbdə təhsil alıb. Daha sonra Azərbaycan Dövlət Dəmiryolu Kollecinə daxil olaraq 2019-cu ildə təhsilini başa vurub və maşinist ixtisasına yiyələnib. Həmin ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanan Elvin Salahov hərbi xidmət zamanı Xüsusi Təyinatlı Qüvvələrə qəbul olunub. 2020-ci ildə Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edərək Kəlbəcər, Cəbrayıl və Füzuli istiqamətlərində vuruşub. Oktyabrın 22-də Füzuli rayonu ərazisində gedən döyüşlərdə şəhid olub. Oktyabrın 24-də Bakı şəhərində, Badamdar qəbiristanlığında dəfn edilib.
Elvin Salahov göstərdiyi igidlik və şücaətə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.








