Yasamal rayonunda şəhidlərin xatirəsi anılıb
Hərbi Memorial Məzarlıqda Vətən müharibəsi şəhidləri Elşən Habil oğlu Müslümovun və İsa Məhərrəm oğlu Məhərrəmovun əziz xatirəsi anılıb.Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov,YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər. Şəhidlərin məzarları ziyarət olunub, önlərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının şərəfli döyüş yolundan bəhs edilib, onların xalqımızın yaddaşında daim yaşayacağı vurğulanıb.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhid ailələrinə başsağlığı verərək bildirib ki, Azərbaycan dövləti tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcək. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələrinin sosial məsələlərinin həlli və onların ehtiyaclarının diqqətdə saxlanılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Elşən Müslümov 2020-ci il oktyabrın 13-də Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
İsa Məhərrəmov isə 2020-ci il oktyabrın 19-da Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.








