Yasamalda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə “Təhsil millətin gələcəyidir!” mövzusunda tədbir keçirilib.Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin giriş nitqi ilə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edib.Bəxtiyar Nəbiyev 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününün əhəmiyyətindən danışaraq müəllim əməyinin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O, Azərbaycanda təhsil sahəsinə göstərilən dövlət qayğısından bəhs edərək bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin əhəmiyyətini qeyd edib. YAP Yasamal rayon təşkilatının sədri müəllimləri peşə bayramı münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edib.Elşad Həsənov müəllimləri təbrik edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev müəllim peşəsinə xüsusi önəm verib və “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda elm və təhsilin inkişafına böyük diqqət göstərildiyini, son 20 il ərzində ölkədə 3600 məktəbin tikildiyini və əsaslı təmir olunduğunu qeyd edib. Eyni zamanda Azərbaycanda təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri olduğu vurğulanıb.
RİH başçısı Yasamal rayonunda təhsil sahəsində əldə olunan nəticələrə də toxunaraq bildirib ki, son üç ildə məzunların ali məktəblərə qəbulunda artım dinamikası müşahidə olunur. 2025–2026-cı tədris ili üzrə rayonda 3000-dən çox məzun olub, onların 72 faizi ali məktəblərə qəbul olunub. Bu nəticələrin əldə olunmasında müəllimlərin əməyinin xüsusi rol oynadığını vurğulayan Elşad Həsənov müəllimliyi böyük missiya adlandırıb.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Mehriban Vəliyeva, Əmək və Sosial Siyasət Komitəsinin üzvü Göydəniz Qəhrəmanov, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, YAP Veteranlar Şurasının üzvü, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Ali riyaziyyat kafedrasının müdiri Misir Mərdanov, YAP Veteranlar Şurasının üzvü, partiyanın “91-lər”indən Şahlar Əsgərov çıxış ediblər.
Çıxışlarda müəllim əməyinin cəmiyyətin inkişafındakı rolu, Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar və əldə olunan uğurlar diqqətə çatdırılıb.Sonda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü və partiyada ictimai-siyasi fəaliyyəti ilə fərqlənən şəxslərə fəxri fərman və hədiyyələr təqdim olunub.








