Yasamal rayon ictimaiyyəti şəhidi yad edib
Hərbi Memorial Məzarlıqda Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Hüseynzadə Həmidağa Bağı oğlunun anım mərasimi keçirilib.
Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, şəhidin ailə üzvləri, yaxınları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhid kapitan Hüseynzadə Həmidağa Bağı oğlunun əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə gül dəstələri qoyulub və ruhuna dualar oxunub.
Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Həmidağa Hüseynzadə də Vətən qarşısında öz hərbi borcunu şərəflə yerinə yetirərək şəhidlik zirvəsinə ucalıb.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov şəhidin ailə üzvlərinə başsağlığı verib, Həmidağa Hüseynzadənin keçdiyi şərəfli döyüş yolunun gənc nəsil üçün örnək olduğunu vurğulayıb.
Daha sonra mərasim iştirakçıları mərasim evində şəhid Həmidağa Hüseynzadənin xatirəsinə təşkil olunmuş ehsan süfrəsində iştirak ediblər.








