Yasamal rayonunda "Milli suverenlik və neft strategiyası” mövzusunda tədbir keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal Rayon İcra Hakimiyyəti,YAP Yasamal rayon təşkilatı və “Neftqazelmitədqiqatlayihə” İnstitutunun birgə təşkilatçılığı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Günü və “Neftçilər Günü” peşə bayramı münasibətilə “Milli suverenlik və neft strategiyası” mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir iştirakçılarına Dövlət Suverenliyi Günü və “Neftçilər Günü”nə həsr olunmuş videoçarx təqdim edilib.
Tədbirdə çıxış edən natiqlər Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyətindən, Azərbaycanın neft strategiyasının ölkənin iqtisadi inkişafında rolundan və müasir Azərbaycanın əldə etdiyi uğurlardan danışıblar.
Tədbirin sonunda Dövlət Suverenliyi və “Neftçilər Günü” münasibətilə fərqlənən şəxslərə fəxri fərman və hədiyyələr təqdim olunub, Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə fotosu çəkdirilib.








