15 sentyabr – Bilik Günü münasibətilə Akademik Zərifə Əliyeva adına liseydə yeni tədris ilinin başlanmasına həsr olunmuş tədbir keçirilib
Tədbirdə liseyin müəllim və şagird kollektivi ilə yanaşı, dövlət və ictimaiyyət nümayəndələri, valideynlər və digər qonaqlar iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu, qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Liseyin direktoru Fərqanə İsayeva yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagird kollektivini təbrik edərək ötən ildə əldə olunan nailiyyətlər haqqında məlumat verdi.
Tədbirdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov liseyin müəllim və şagird kollektivini yeni tədris ili münasibətilə təbrik edərək, onlara təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova çıxış edərək liseyə yeni qəbul olan şagirdləri təbrik etdi, Yasamal rayonu üzrə ötən tədris ilinin statistik göstəricilərini nəzərə çatdırdı.
Tədbirdə Vətən müharibəsi iştirakçısı, "Antiterror əməliyyatın"-da şəhid olmuş polkovnik-leytenant Əkrəm Şadmanzadənin həyat yoldaşı, liseyin 11a4 sinif şagirdi Solmaz Şadmanzadənin anası Gülşən Rəhimova tədbirin fəxri qonağı qismində çıxış edərək təbrik arzularını çatdırdı.
Tədbir şagirdlərin hazırladığı musiqi və bədii proqram ilə davam etdi.








