Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətində “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində məlumatlandırma görüşü keçirilib

10 aprel 2026 | 16:55

Yasamal Rayon İcra Hakimiyyətində “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində məlumatlandırma görüşü keçirilib.Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, layihə benefisiarları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Görüşün əsas məqsədi əhalinin məşğulluq imkanlarının artırılması, özünüməşğulluq proqramı barədə məlumatlılığın genişləndirilməsi və vətəndaşların kiçik biznes fəaliyyətinə təşviq olunması olub.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindən birinin məşğulluğun artırılması olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində iqtisadi inkişaf təmin olunmaqla yanaşı, yeni iş yerlərinin yaradılması və əhalinin rifahının yüksəldilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib.

Hüseyn Əfəndiyev bildirib ki, məhz bu siyasətin tərkib hissəsi kimi icra olunan “Məşğulluğa Dəstək Layihəsi” həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsində və onların əmək bazarına inteqrasiyasında mühüm rol oynayır. Onun sözlərinə görə, layihə çərçivəsində vətəndaşlara yalnız maddi dəstək göstərilmir, eyni zamanda onların biznes bacarıqları inkişaf etdirilir, təşəbbüskarlığı stimullaşdırılır və dayanıqlı gəlir əldə etmək imkanları yaradılır.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev “Məşğulluğa Dəstək Layihəsi” barədə məlumat verib. Bildirib ki, uğurlu biznes quran layihə iştirakçıları daha sonra müxtəlif proqramlara cəlb olunmaqla əlavə dəstək imkanlarından yararlanırlar. Onların fəaliyyətinin genişləndirilməsi, maliyyə dayanıqlığının artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Daha sonra çıxış edən benefisiarlar özünüməşğulluq proqramı çərçivəsində öz kiçik bizneslərini tam formalaşdırdıqlarını, hətta genişləndirərək əlavə işçi götürdüklərini, “Əməkhaqqının birgə maliyyələşdirilməsi” mexanizmindən və “Həvəsləndirmə mükafatları” müsabiqəsindən faydalandıqlarını bildiriblər.

Tədbir çərçivəsində iştirakçılara layihə barədə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb və özünüməşğulluq imkanlarından istifadə ilə bağlı tövsiyələr təqdim olunub.

Keçidlər