Yasamal rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirildi
08 aprel 2026-cı il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yasamal rayonu orta məktəb şagirdləri arasında hər il ənənəvi olaraq keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” adlı referat-yazı müsabiqəsinin Yasamal rayon mərhələsi üzrə elmi-prakrik konfransı Yeni Azərbaycan Partiyasıının Yasamal Rayon Təşkilatının inzibati binasında baş tutub.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb. Sonra YAP Yasamal Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib. Sonra qonaqlar və iştirakçılar Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının inzibati binasının foyesində Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin birinci kurs tələbələrinin“Şəhərsalma və Memarlıq ili”nə həsr olunmuş əl işlərindən ibarət sərgisi ilə tanış oldular. Sərgi öz aktuallığı ilə, müasir layihələri ilə, salınan Ağıllı kəndlərdə inşa olunan texnoloğiyalarla iştirakçılarda böyük maraq doğurdu.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət xanım Muradova, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, eləcə də həmin şöbənin baş məsləhətçisi Mirtural Mirsultanov, Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Samir İsmiyev, Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının və YAP Yasamal Rayon Təşkilatının əməkdaşları, məktəb direktorları, iştirakçı şagirdlərin elmi rəhbərləri, valideynləri və məktəblərin şagirdləri, ali təhsil ocaqlarının tələbələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səslənməsindən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edilib.
Tədbiri açıq elan edən Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev şagirdlərə uğur və müvəffəqiyyətlər arzu edərək qeyd etmişdir ki, Azərbaycan tarixinin və Ulu Öndərin zəngin irsinin şagirdlər tərəfindən daha dərindən mənimsənilməsində bu müsabiqə xüsusi əhəmiyyət daşıyır. Müstəqil Azərbaycan Respublikasının banisi olan Heydər Əliyev qısa zaman kəsiyində ölkəmizi
mütərəqqi inkişaf orbitinə çıxardı, dərin və köklü islahatların həyata keçirilməsinə rəhbərlik edərək yeni-yeni dövlətçilik strukturları yaratdı, milli tarixi ənənələrin yeni müstəvidə inkişafına əlverişli şəraiti təmin etdi. Heydər Əliyev nitq və məruzələri, çıxışları və əsərləri ilə həm müasir tarixşünaslıq elminin zəngin bazasını yaratdı və həm də XX əsr Azərbaycan tarixinin ilk dəfə mərhələlərini müəyyənləşdirdi və hər bir mərhələnin də xarakterik xüsusiyyətlərini və mahiyyətini aydınlaşdırdı ki, bu bölgü prinsipinin də biz tarixçilər üçün çox böyük əhəmiyyəti vardır. Prezident İlham Əliyevin dediyi kimi ölkəmizə iyirminci əsrin üçdə biri qədər rəhbərlik edən “Heydər Əliyevin Azərbaycanın inkişafında xidmətləri əvəzolunmazdır. Onun 1993-2003-cü illərdə 10 il rəhbərliyi ərzində görülmüş işlər bir əsr ərzində görülmüş işlərə bərabərdir. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan dövlətçiliyinin əsasları qoyuldu, azərbaycançılıq ideologiyası xalq tərəfindən bəyənildi”.
Çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət xanım Muradova bildirdi ki, gənclərin tarixi yaddaşının möhkəmləndirilməsində Vətən tarixinin öyrənilməsinin əhəmiyyəti böyükdür. Gənc nəslin dünyagörüşünün formalaşmasında, onlarda Vətən təəssübkeşliyinin, siyasi mənlik hisslərinin və azərbaycançılıq ideologiyasının güclənməsində, müstəqil dövlətimizin daha da inkişafında, ona sevgi və məhəbbətin artmasında Heydər Əliyev milli-mənəvi irsinin öyrənilməsinin çox böyük aktual tərəfləri və elminəzəri əhəmiyyəti vardır. Milli-mənəvi irsimizə, vətən tariximizə, dövlətçiliyimizə və azərbaycançılıq məfkurəsinə bağlılıq Heydər Əliyevin ruhundan və əqidəsindən qidalanırdı. O, həyatı və ürəyi ilə öz xalqının mənəvi köklərinə bağlı olan parlaq bir şəxsiyyət, dahi dövlət xadimi idi. Özünün dediyi kimi, ömrünü və həyatını xalqına həsr etmişdi. Azərbaycan tarixində Heydər Əliyev irsi zəngin və universal bir məktəbdir. Çünki dərin və ensiklopedik biliyə malik olan Heydər Əliyev Azərbaycan tarixinin ən qədim zamanlardan bu günə qədər bütün məsələlərinə münasibət bildirmiş və xalqımızın beş minillik şərəfli tarixi ilə fəxr etdiyini bəyan etmişdir. Azərbaycan tarixi konsepsiyasının yeni istiqamətini müəyyənləşdirən Heydər Əliyev eyni zamanda, müxtəlif tarixi mərhələləri də yeni-yeni ideyalarla zənginləşdirmiş, tarixçi və tədqiqatçı alimlərə konkret tövsiyələr, məsləhətlər və göstərişlər vermişdir. Heydər Əliyev dəfələrlə demişdir ki, bizim xalqımızın böyük, möhtəşəm tarixi var. Biz öz tariximizlə fəxr edirik, gənclərimiz xalqımızın tarixinin yaxşı bilməlidirlər
Sonra Yasamal rayonu üzrə seçilmiş 5 mövzuya 10 şagird inşa-yazıları ilə hazırladıqları slaydlarla təqdimat ediblər. Daha sonra isə Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının 9-cu sinif şagirdi Nərmin Nərimanlının ifasında “Vətən” mahnısı səsləndirildi, Yasamal rayonu 53 saylı tam orta məktəbin 10-cu sinif şagirdl Zəhra Qəni “Zəfər yolu” adlı ədəbi-bədii kompozisiya ilə çıxış etdi.
Təqdimatlardan və bədii hissədən sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxışında vurğuladı ki, Heydər Əliyev işlədiyi bütün dövrlərdə, yüksək dövlət vəzifələrində fəaliyyət göstərdiyi vaxtlarda Azərbaycan tarixinin qədim və orta əsrlər dövrünün mənbələrlə araşdırılmasına xüsusi diqqət vermiş, tarixçi alimlərə və mütəxəssislərə müntəzəm tapşırıqlar vermişdir. Heydər Əliyevin gördüyü işlər içərisində zəngin mədəni irsimizi dünyaya tanıtmaq, təbliğ etmək məsələsi xüsusi yer tutmuşdur. Azərbaycan xalqının qədim və orta əsrlərdə zəngin mədəniyyətə sahib olması artıq dünyaya məlumdur. Xalqımızın intibah dövrü mədəniyyəti və onun görkəmli nümayəndələrindən olan Nizami Gəncəvinin yaratdığı “Xəmsə” mədəniyyəti ilə fəxr etməyə haqqımız vardır və biz bu böyük mədəniyyətlə fəxr edə bilərik. Heydər Əliyev demişdir: “Xalqımızın dünya elminə bəxş etdiyi töhfələrlə fəxr etməyə haqqı var. Nəsrəddin Tusinin, Əbülhəsən Bəhmənyarın, Şihabəddin Sührəvərdinin və digər mütəfəkkirlərin adları dünya elm aləminə yaxşı tanışdır. Azərbaycan xalqı böyük dövlətçilik tarixinə malikdir. Ayrı-ayrı zamanlarda yadelli işğalçıların ağalığına baxmayaraq, Azərbaycan xalqı daim müstəqillik ideyaları ilə yaşamış və apardıqları mübarizələr tarixində özünün müstəqil dövlətini yaratmış və bu dövləti idarə edə bilən görkəmli dövlət başçıları və xadimləri, qəhrəmanlar və sərkərdələr yetirə bilmişdir. Onlara yüksək qiymət verən Ulu Öndər demişdir: “Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvər məktəbinə çevrilmiş, Vətənin bütövlüyü, xalqın birliyinin təcəssümü olmuşdur. Məhəmməd Cahan Pəhləvanın, Qızıl Arslanın, Uzun Həsənin, Şah İsmayıl Xətainin və başqa dövlət xadimlərimizin həyat və fəaliyyəti xalqın Vətən sevgisi və dövlətçilik hissini daha da inkişaf etdirmiş, onu həyatın ən vacib məqsədinə çevirmişdir”. Heydər Əliyev irsində yeni və müasir tarixi məsələlər də geniş əksini tapmışdır. XIX-XX əsrlər tarixinin yenidən yazılmasına xüsusi diqqət verən Heydər Əliyev tarixçi alimlərlə görüşündə dəyərli məsləhətlər və göstərişlər vermiş, hətta dövlət səviyyəsində ona köməklik edəcəyini bildirmişdir.
Tədbirin sonunda rayon müsabiqəsindəki qalib şagirdlər şəhər turuna vəsiqə qazandılar. Müsabiqə iştirakçıları Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif hədiyyələrlə təltif edildi, xatirə şəkli çəkildi
Təltif edilmiş gənclər ölkəmizin inkişafı üçün bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər








