Yasamal RİH-in Başçısı ərazidə sakinlərlə görüşdü
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün fevral ayı üzrə növbəti səyyar qəbul keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı “Gənc istedadlar” liseyinin akt zalında baş tutdu. Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB-in rəhbər heyəti, SİƏD, xidmət sahələrinin nümayəndələri də iştirak etdilər.
Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş etdi. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri mənzil növbəsi, məşğulluq, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, fərdi həyət evlərində qrunt suları probleminin həlli, istismar müddəti bitmiş binaların söküntüsü, ərazilərin təmir-bərpası, rayonda tanınmış ziyalıların yubileyinin qeyd edilməsi, tikinti layihələri, nizamsız avtoparkinqlərlə mübarizə, səkilərin bərpası və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırdılar.
İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair rayondakı qurum və xidmət rəhbərlərinə bir sıra göstərişlər verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.








