Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Yeni Azərbaycan Partiyasının yaranma ildönümü qeyd edilib

19 noyabr 2025 | 21:27

Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası:33 illik İnkişaf və Zəfər yolu” adlı tədbir keçirilib.

Tədbirin rəsmi hissəsindən öncə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə gül dəstələri düzülüb.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri Sudeyf İmamverdiyev, Misir Mərdanov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov qeyd etdilər ki, müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsində Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır.

Tədbirdə yekun nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının bu gün də siyasi alternativi yoxdur.Bildirildi ki, 1992-ci ildə ağır bir dövrdə əsası qoyulan YAP, qısa zamanda sabitliyinin və inkişafının simvoluna çevrildi.Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyev deyirdi ki, “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”. Beləliklə, YAP yarananda ölkə çox ağır vəziyyətdə idi. Bu vəziyyətdən Azərbaycanı Ulu Öndərin dəmir iradəsi qurtardı.Bu gün də biz görürük ki, YAP-a siyasi alternativ yoxdur və YAP həqiqətən gələcəyin partiyasıdır. Bu gün YAP Cənubi Qafqaz regionun ən böyük siyasi təşkilatıdır və hətta qanunvercilik baxımından partiya üzvlüyü qadağan olan şəxslər belə YAP-ı dəstəkəyir.

Bildirildi ki, Ulu Öndərin 1992-cü ildə əsasını qoyduğu təməl o qədər sağlam və güclü oldu ki, bu təməl, bu fundament bizi Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ilin Vətən Müharibəsindəki Zəfərə və 2023-cü ilin uğurlu antiterror əməliyyatına gətirib çıxartdı. Nəticədə bu gün Azərbaycan ərazi suverenliyini tam bərpa edib. Ən taleyüklü məsələmiz tam şəkildə həll olunub!

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə və Partiyada ictimai-siyasi fəaliyyətə görə fəxri fərmanlar, hədiyyələr təqdim edilib.Təltiflərdən sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Sonda bədii hissə təqdim edildi.

Keçidlər