Yasamal rayonunda məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib
İclasda qeyri-formal məşğulluğun qarşısının alınması, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericiliyin tələblərinə əməl olunması, bu istiqamətdə mövcud problemlərin aradan qaldırılması, eləcə də Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının əvvəlki iclaslarında verilmiş tapşırıq və tövsiyələrin icrasının təmin olunması məsələləri geniş şəkildə müzakirə olunub.
İclası giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Komitənin sədri Hüseyn Əfəndiyev qeyd edib ki, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” ölkədə səmərəli məşğulluğun təmininə yönəlmiş uzunmüddətli dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir. O bildirib ki, qeyri-formal məşğulluq əmək bazarının sağlam inkişafına, sosial sığorta və vergi öhdəliklərinin yerinə yetirilməsinə, eləcə də işçilərin sosial təminat hüquqlarının qorunmasına əngəl yaradır.
Müzakirələr zamanı Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Filialının müdir müavini Emin Səfərov, 1 saylı Bakı DOST Mərkəzinin direktor müavini Eltun Cəfərov, Yasamal rayon Veteranlar Şurasının sədri Vaqif Məmmədov, Yasamal Rayon Bələdiyyəsinin sədri Tahir Məmmədov və digər komitə üzvləri çıxış edərək, mövcud problemlərə toxunub, bu istiqamətdə maarifləndirmə işlərinin vacibliyini vurğulayıblar. Onlar həmçinin məşğulluğun artırılması və qeyri-formal əmək fəaliyyətinin qarşısının alınması ilə bağlı müxtəlif təklif və təşəbbüslər səsləndiriblər.
Toplantının sonunda gündəlikdəki məsələlər üzrə qərar layihəsi qəbul olunub.








