İcra Başçısı ərazidə sakinlərlə görüşdü, müraciət və təkliflərini dinlədi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün iyun ayı üzrə növbəti səyyar qəbul keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 18 nömrəli tam orta məktəbin akt zalında baş tutdu.Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB-in rəhbər heyəti, xidmət sahələrinin nümayəndələri də iştirak etdilər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş etdi. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra Yasamal rayonunun sakinləri autizmdən əziyyət çəkən uşaqlara dəstək, Sovetski ərazisində növbəti söküntü və quruculuq-abadlıq işləri, rayonda narkomaniya ilə mübarizə, tarixi və memarlıq abidlərinin taleyi, məhəllədaxili yolların asfaltlanması və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırdılar.
İcra başçısı Elşad Həsənov iki saatlıq qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına və xidmət rəhbərlərinə bir sıra konkret göstərişlər verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.