Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon ictimaiyyəti Zərifə xanım Əliyevanın xatirəsini əziz tutur

28 aprel 2025 | 18:29

Bu gün Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası və Ə.Əliyev Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci  ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdən öncə Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarları ziyarət olunub, əziz xatirələri dərin ehtiramla yad edilib. Daha sonra baş tutan tədbirdə Zərifə xanım Əliyevanın və Ulu Öndər Heydər Əliyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə görkəmli oftalmoloq alimin həyatından bəhs edən film nümayiş etdirildi.

Tədbirdə çıxış edən paytaxtın müxtəlif elm və təhsil ocaqlarının işçiləri, alim və ziyalılar, ictimai xadimlər və YAP fəalları bildirdilər ki, Zərifə xanım həm Azərbaycanda, həm də ondan kənarda nüfuzlu alim olub. Akademik Zərifə xanım Əliyeva öz qayğıkeşliyi və səmimiyyəti ilə insanların hörmətini qazanıb.Qeyd edildi ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və fundamental olmuşdur. İstedadlı alim kimi Zərifə xanım oftalmologiyanın aktual mövzularına həsr edilmiş  tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Zərifə Əliyeva müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olub. Natiqlər görkəmli alimin həyat və fəaliyyətindən söz açdılar. Bildirildi ki, Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsilini davam etdirib. Sonra Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlayıb və bütün ömrünü oftalmologiyaya həsr edib.

Tədbirdə çıxış edən natiqlər bildirdilər ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. O, Ulu öndərimizə mənəvi dayaq, arxa olub. Qeyd olundu ki, Zərifə xanım, sözün əsl mənasında, böyük həkim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermiş, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub. O, oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb, dəyərli elmi-tədqiqat işləri yazıb.Bildirildi ki, Zərifə xanım Əliyeva yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşib.

Keçidlər