Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonununda əmək yarmarkası keçirilib

23 aprel 2025 | 16:58

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Yasamal Rayon İcra Hakimiyyətinin və  Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə ali məktəbdə əmək yarmarkası keçirilib.

Yarmarkada Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, müxtəlif sektordan olan işəgötürənlər, məzun-tələbələr, gənclər və digər qonaqlar iştirak ediblər.

İşsiz və işaxtaran şəxslərin mövcud vakansiyalara əlçatanlığının təmin edilməsi, işəgötürənlərin qısa zamanda ixtisaslı kadrlara olan ehtiyaclarının ödənilməsi baxımından əmək yarmarkalarının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, xüsusilə universitetlərdə bu cür tədbirlərin keçirilməsi gənclərin əmək bazarına daxil edilməsində mühüm əhəmiyyətə malikdir. Tədbirdə, həmçinin “Məzunların məşğulluq reytinqi” platforması barədə məlumat da verilib.

Sonra qonaqlar təqdim edilən vakansiyalar və onların tələbləri ilə maraqlanıblar. İşəgötürənlər isə öz növbəsində müəssisələrinin fəaliyyət istiqamətləri, işçi seçimində prioritet kriteriyalar və vakansiyalara qəbul prosesi haqqında ətraflı məlumat veriblər.

Aktiv məşğulluq tədbirində 90 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 822 vakansiya təqdim edilib. İşsiz və işaxtaran şəxslərə vakansiyalar və iş öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb. Həmçinin tədbirə qatılan şəxslər Agentlik tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə də məlumat almaq şansı əldə ediblər.

Keçidlər