Ümummilli liderin xatirəsinə həsr olunmuş müsabiqə həyata keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yasamal rayonu üzrə orta məktəb şagirdləri arasında hər il ənənəvi olaraq keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” adlı referat-yazı müsabiqəsinin Yasamal rayon mərhələsi 09 aprel 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyasıının Yasamal Rayon Təşkilatında baş tutub.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb. Sonra YAP Yasamal Rayon Təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət xanım Muradova, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, eləcə də həmin şöbənin baş məsləhətçisi Mirtural Mirsultanov, Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Cavid Şıxcəfərli, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın aparıcı məsləhətçisi Xəqani Orucov, YAP Yasamal Rayon Təşkilatının əməkdaşları, məktəb direktorları, məktəblərin tarix müəllimləri, şagirdlər, onların elmi rəhbərləri və valideynlər iştirak ediblər.
Tədbir Dövlət himninin səslənməsindən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edilib.
Tədbiri açıq elan edən Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev şagirdlərə uğur və müvəffəqiyyətlər arzu edərək qeyd etmişdir ki, Azərbaycan tarixinin və Ulu Öndərin zəngin irsinin şagirdlər tərəfindən daha dərindən mənimsənilməsində bu müsabiqə xüsusi əhəmiyyət daşıyır. Belə ki, şagirdlərdə müstəqil araşdırmaçılıq qabiliyyəti və sərbəst düşüncə vərdişləri daha yaxşı formalaşır.
Çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət xanım Muradova bildirdi ki, müsabiqənin keçirilməsində məqsəd xalqımızın Ümummilli lideri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycanın formalaşmasındakı fəaliyyətinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsinə töhfə verilməsi, milli-mənəvi dəyərlərə yiyələnmələri istiqamətində görülən işlərin daha da genişləndirilməsidir. Müsabiqənin seçim mərhələləri haqqında iştirakçılara ətraflı məlumat verən Təravət xanım Muradova vurğulamışdır ki, Yasamal rayonu ərazisində fəaliyyət göstərən 26 orta məktəbdən mövzular üzrə 75 şagird iştirak etmiş, onlardan 12 şagird rayon turuna vəsiqə qazanmışdır.
Sonra 5 mövzu üzrə seçilmiş 12 şagird məqalə-yazılarını hazırladıqları slaydlarla təqdim ediblər. Daha sonra isə Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdinin ifasında mahnılar səsləndirilmiş, 2 nömrəli Bakı Baza Tibb Kollecinin istedadlı tələbələri bədii qiraət əsərləri ilə çıxış etmişlər.
Təqdimatlardan və bədii hissədən sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxışında Azərbaycanın siyasi və dövlət xadimi Heydər Əliyevin tariximizin öyrənilməsi ilə yanaşı mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə olan qayğısından, eləcə də Ümummilli Liderin davamçısı olan Prezident İlham Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə həyata keçirdiyi işlərdən və əldə olunan uğurlardan danışıb.
Tədbirin sonunda rayon müsabiqəsindəki qalib şagirdlər şəhər turuna vəsiqə qazandılar. Müsabiqə iştirakçıları Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif hədiyyələrlə təltif edildi, xatirə şəkli çəkildi
Təltif edilmiş gənclər ölkəmizin inkişafı üçün bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər.