Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal sakinləri Novruzun gəlişini qeyd edir

14 mart 2025 | 17:20

Yeni Yasamal-1, bina 5-6 Abad məhəllədə Yasamal  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı qeyd edildi. Bayram şənliyində rayonun ali, orta-ixtisas, orta ümumtəhsil, səhiyyə, mədəniyyət və digər idarə, müəssisə və təşkilatların kollektivləri, ictimai birliklərin nümayəndələri, eləcə də rayon sakinləri iştirak etdilər.

Tədbirdə milli idman növləri üzrə yarışan pəhləvanlar, kəndirbazlar, alov şou ifaçıları, həmçinin xüsusi zövqlə bəzədilmiş rəngarəng Novruz xonçaları, milli mətbəx nümunələri, əsil kənd ab-havası yaradan Lənkəran samovar çayı, hər kəsin gözünü oxşayan duluzçuluq, misgərlik sənət əsərləri, şən və maraqlı konsert proqramı ilə çıxış edən incəsənət ustaları Abad məhəlləni  bayram ovqatı ilə bəzəmişdi.

Əvvəlcə Bahar qızının gətirdiyi odla Novruz tonqalı yandırıldı. Bayram şənliyində Novruz bayramının qədim zamanlardan mövcud olan atributları ilə bərabər qədim adət-ənənələri, milli folklor nümunələri və xalq oyunlarını özündə əks etdirən maraqlı proqram tamaşaçılar tərəfindən coşqu ilə qarşılandı. Milli mətbəximizə aid olan təamlar və şirniyyatlar, kosa və keçəlin məzhəkələri, milli geyimli oğlan və qızların rəqsi və incəsənət ustalarınınmüğənnilərinin bir-birindən maraqlı ifaları, həmçinin ölkəmizdə mövcud olan çoxsaylı sənət sahələrinə aid milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən rəsm əsərləri sərgisi xüsusi rəğbətlə qarşılandı.

İ.Əbilov adına Mədəniyyət Mərkəzinin  və 4 saylı Uşaq İnkişaf Mərkəzi tərəfindən hazırlanaraq təqdim edilən konsert proqramı şənlik iştirakçılarında yüksək əhval-ruhiyyə və xoş ovqat yaratdı.

Bayram şənliyində tədbir iştirakçıları Azərbaycan milli mətbəxinin bənzərsiz təamlarını dadaraq, közlənmiş samovar çayından içərək, həmçinin şən musiqi sədaları altında milli idman növlərini izləyərək, kosa-keçəl ilə maraqlı söhbətlər apararaq baharın gəlişini əsil bayram kimi qeyd etdilər.

Keçidlər