YAP Yasamal rayon təşkilatının yaradılmasının 32 illiyi qeyd olunub
Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının yaradılmasının 32 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib. Tədbir iştirakçıları rəsmi hissədən öncə Fəxri Xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsi yad edərək, məzarı önünə gül dəstələri düzdülər.
Tədbirdə dövlət himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Yeni Azərbaycan Partiyasının 32 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Rəna Mirzəzadə və digər natiqlər Yeni Azərbaycan Partiyasının yaranması zərurətindən və inkişafı tarixindən bəhs etdilər.Natiqlər bildirdilər ki, yarandığı gündən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiya bu illər ərzində çox mühüm nailiyyətlər əldə edib.
Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov vurğuladı ki, YAP-ın yaranması siyasi zərurətdən irəli gəldi. YAP təsis ediləndə müxalif siyasi qüvvə kimi meydana gəlmiş, lakin cəmiyyətin böyük dəstəyi nəticəsində qısa müddətə hakim partiyaya çevrildi. Birmənalı şəkildə demək olar ki, bu, xalqın sifarişi idi.
90-cı illərdə ölkəmizdə çox ağır vəziyyət olanda Ulu Öndər Heydər Əliyev çıxışlarının birində bu gün artıq məşhur olan bir ifadə işlətdi: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır”. Bu ifadənin səslənməsindən təxminən 30 il ötüb və bu gün biz Ulu Öndərin nə dərəcədə uzaqgörən dövlət xadimi olduğunun bir daha şahidi oluruq. Ulu Öndərin siyasi dahiliyi ondan ibarət idi ki, o gələcəyi görürdü. Bu ifadə 90-cı illərdə deyilmişdi. O vaxt isə Azərbaycan erməni işğalı, dərin iqtisadi böhran, daxili vətəndaş qarşıdurması ilə üzləşmişdi. Azərbaycanı məhz bu fəlakətdən qurtarmaq üçün 1992-ci ilin noyabr ayında YAP quruldu. Ondan bir neçə ay sonra, 1993-cü il fevralın 20-də isə partiyanın Yasamal rayon təşkilatı təsis edildi. YAP Yasamal rayon təşkilatı bu illər ərzində şərəfli yol keçib və bu gün də Heydər Əliyev ideyalarına sadiqdir. Bu gün təşkilat üzvləri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal təbliğatçılarıdırlar. Hazırda rayon təşkilatı özündə 32 mindən çox partiya üzvünü birləşdirir. Təşkilat sıralarına daimi axın var, eyni zamanda rayon üzrə yeni ərazi təşkilatları yaradılıb.
Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı ötən il keçirilən prezident seçkilərində xalqımızın etimadını növbəti dəfə qazanan cənab İlham Əliyevin möhtəşəm qələbəsini xatırladaraq qeyd etdi ki, Yasamal seçicilərinin 95 %-i öz səslərini cənab Prezident İlham Əliyevə verib və bu, ölkə üzrə rekord göstərici oldu. Həmçinin qeyd olundu ki, ötən ay baş tutan bələdiyyə seçkilərində YAP böyük uğur qazanıb.
Çıxışlardan sonra YAP Yasamal rayon təşkilatının yaradılmasının 32-ci ildönümü münasibətilə və partiyada ictimai-siyasi fəaliyyətə görə fəxri fərmanlar təqdim edildi.
Tədbir bədii hissə ilə davam etdi.