Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəb psixoloqlarının iştirakı ilə təlim keçirildi.

16 dekabr 2024 | 18:01

Yasamal Rayon Icra Hakimiyyətinin və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə  “Uşaqların psixi sağlamlığının möhkəmləndirilməsi” mövzusunda seminar keçirilib.  Yasamal Rayon Icra Hakimiyyəti ilə birgə əməkdaşlıqla təşkil olunan təlimdə orta məktəb psixoloqları, fərdi fəaliyyət göstərən psixoloqlar, “Uşaq Qaynar Xətt” xidməti və  ictimai səhiyyə mütəxəssisləri iştirak ediblər.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev gənc nəslin sağlam inkişafının ölkəmizdə həyata keçirilən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda geniş əks olunduğunu vurğulayıb. Bildirib ki, təlimin təşkilində məqsəd uşaqların psixi sağlamlığının qorunması istiqamətində məlumatlılığın artırılmasıdır. Qəhrəman Haqverdiyev məktəbyaşlı uşaqların sağlamlığının öyrənilməsi üzrə aparılan COSI tədqiqatı və digər sorğuların nəticələrinə dair geniş təqdimatla çıxış edərək  ətraflı məlumat verib.

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova gənc nəsildə sağlam vərdişlərin formalaşdırılması, məktəblilərin düzgün yönləndirilməsi, uşaq travmaları və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində psixoloqların müvafiq məlumat və materiallarla təmin olunmasının əhəmiyyətini vurğulayıb. Təravət Muradova uşaqlarda stress və depressiyanın əlamətlərindən söz açıb, onlara vaxtında göstərilən psixoloji dəstəyin, ailə, məktəb və mütəxəssislərin birgə fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb. Bu işdə məktəb psixoloqlarının belə təlimlərdə iştirakının vacibliyi qeyd olunub.

İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva gənc nəslin fiziki və psixi sağlamlığının qorunması məqsədilə hazırlanan,  uşaqlar, valideynlər, müəllim və təhsil işçiləri üçün geniş məlumat bazası olan “Sağlam uşaq” internet portalı və mobil tətbiqi barədə ətraflı məlumat verib.

İSİM-in təlimçi əməkdaşları psixoloq yardımına əlçatanlığın təmin olunmasından danışaraq, iştirakçıları rəqəmsal texnologiyalardan istifadə ilə bağlı sorğuda iştirak etməyə dəvət ediblər. Sorğunun nəticələri təhlil edilib və məlum olub ki, psixoloqlar  müraciətləri əsasən “Zoom” “Votsap” və “VideoDoktor” platforması üzərindən cavablandırıblar.

 Təlimdə “Uşaq Qaynar Xətt” xidmətinə daxil olan  zənglər barədə məlumat verilərək, bütün müraciətlərə diqqətlə yanaşıldığını, aidiyyəti üzrə müvafiq qurumlara və mütəxəssislərə yönəldildiyini, məxfiliyin qorunduğu bildirilib.

Seminarda uşaqların psixi sağlamlığının möhkəmləndirilməsi ilə bağlı faydalı təcrübələr bölüşülüb, səmərəli fikir mübadiləsi aparılıb və iştirakçılara geniş çeşiddə maarifləndirici vəsaitlər və hədiyyələr təqdim olunub.  

Keçidlər