Şəhid hərbiçinin xatirəsi anılıb
Bu gün Yasamal rayon ictimaiyyəti Vətən Müharibəsinin şəhid hərbçisi Mahmud Cavadovu şəhadətinin ildönümündə yad edib. Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Anım mərasimində Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev və RİH aparatının əməkdaşları, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Mahmud Cavadov 13 aprel 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 31 saylı məktəbdə almışdır. 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsilə yiyələnmişdir. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Goranboy rayon N saylı hərbi hissədə keçmişdir. Vətən müharibəsində könüllü olaraq iştirak etmiş və 2020-ci ilin noyabr ayının 27-də şəhidlik zirvəsinə ucalmışdır.
Cavadov Mahmud Heydər oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü” medalı, “Vətən uğrunda” medalı və ”Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Təhsil aldığı orta məktəbdə və yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.