Yasamalda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində “Məktəb psixoloqları ilə uşaqların məişət zorakılığından müdafiəsi” mövzusu üzrə tədbir keçirildi
29 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yasamal Rayon Heydər Əliyev Mərkəzində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində “Məktəb psixoloqları ilə uşaqların məişət zorakılığından müdafiəsi” mövzusu üzrə zorakılıqla mübarizə məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, nümayəndələri, eləcə də Bakı Dövlət Universitetinin müəllimləri, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin psixoloqları iştirak ediblər.
Tədbiri açıq elan edən Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova bildirib ki, uşaqlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmayıb. Azərbaycan cəmiyyətində uşağa, qadına və ahıla hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının, dini etiqadının və mentalitetinin dərin qatlarına söykənir. Uşaqlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb. Uşaqlara qarşı zorakılıq halları ilə bağlı daxil olmuş müraciətlərin mütəmadi olaraq Yasamal Rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunda təhlili aparılır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova qeyd edib ki, gender-əsaslı zorakılıqla mübarizəni həyata keçirmək üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. “Milli Fəaliyyət Planı”nda məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində bir çox istiqamətlərdə tədbirlər nəzərdə tutulmuşdur. Həmin Milli Fəaliyyət Planını rəhbər tutaraq cari il ərzində ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması istiqamətində respublikanın ayrı-ayrı yerlərində müvafiq tədbirlər həyata keçirilmişdir.
Çıxış edən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev vurğuladı ki, sağlam mənəvi-psixoloji mühitin yaradılması, sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraitinin təşkili, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması barədə mövcud vəziyyət təhlil edilir və bu sahədə aparılan işlərin təkmilləşdirilməsi sahəsində sistemli işlər aparılır. Bununla yanaşı, müəllimlər, məktəb psixoloqları, valideynlər cəlb edilməklə risk qrupuna daxil olan təhsilalanlar müəyyən edilir və müvafiq tədbirlər həyata keçirilir.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması üzrə sektorun məsləhətçisi İradə Məmmədova “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanun və məişət zorakılığına məruz qalmış şəxslərin müdafiəsi”, Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müəllimi Emiliya İgidova “Məişət zorakılığına məruz qalmış uşaq və yeniyetmələrin psixodiaqnostikası” və Bakı Dövlət Universitetinin Sabah qruplarının müəllimi, təlimçi-psixoloq David Poladov “Məişət zorakılığına məruz qalmış uşaq və yeniyetmələrin psixokoreksiya və psixoterapiyası” mövzularında geniş təqdimatlar təqdim edərək məişət zorakılığının səbəbləri və zorakılıqla mübarizə üsulları barədə məişət zorakılığı təhlükəsinin aradan qaldırılmasına nail olmaq üçün effektiv və operativ tədbirlərdən də istifadə olunmasını görüş iştirakçılarının diqqətinə çatdırıb çıxış ediblər.
Tədbirin sonunda zorakılıqla bağlı məsələlər təhlil olundu və irəli gələn məsələlər ətrafında müzakirələr aparıldı.