Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Yasamal rayon təşkilatında 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

05 noyabr 2024 | 18:01

Yasamal Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının  birgə təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Milli Müdafiə Universitetinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov, 44 günlük Vətən müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Qəzənfər Ağayev, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsürsuz xidmətə görə” və “İgidliyə görə” medalları ilə təltif edilmiş qazi, ehtiyatda olan mayor Süleyman Heydərov, qəhrəman şəhidlərimizin ailə üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissəsindən öncə Yasamal rayonunda yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunaraq şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, Kompleks önünə gül dəstələri düzülüb. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında ümummilli lider Heydər Əliyevin büstü önünə  gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu qeyd edərək, Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşdiyini vurğulayıb. Bildirilib ki, 44 günlük haqq mübarizəsində tarix yazan şanlı Ordumuz, qəhrəman əsgər və zabitlərimiz güclü dövlət və güclü ordu strategiyasını, milli birlik, həmrəylik və güclü iradə vəhdətini bütün dünyaya nümayiş etdirib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərinə diqqət çəkilərək Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu Böyük Qayıdış proqramını da nəzərə çatdırıb.

Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov vurğulayıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə noyabrın 8-nin respublikamızda Zəfər Günü kimi təsis edilməsi ölkəmizin həyatında yeni mərhələnin, inkişafa, intibaha, aydın sabahlara aparan böyük yolun, yeni dövrün başlanğıcıdır. Bu gün böyük qürur və fəxr hissi ilə söyləyirik ki, möhkəm təməlləri xalqımızın xilaskarı, ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müasir müstəqil Azərbaycan Respublikası Prezident cənab İlham Əliyevin uğurlu siyasəti, müdrik qərarları sayəsində qüdrətli bir dövlətə çevrildi.

Milli Müdafiə Universitetinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi, Vətən müharibəsi qəhrəmanı, polkovnik Nizami Mövlanov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olunduğu bildirdi. Qeyd etdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Qarabağ azad edildi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.

 

Çıxış edən 44 günlük Vətən müharibəsi iştirakçısı, milli qəhrəman, Xüsusi Təyinnatlı Qüvvələrin baş leytenantı Qəzənfər Ağayev, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsürsuz xidmətə görə” və “İgidliyə görə” medalları ilə təltif edilmiş qazi, ehtiyatda olan mayon Süleyman Heydərov, 44 günlük Vətən müharibəsi şəhidi Şahmar Mənəfovun həyat yoldaşı Bəyim Mənəfova qeyd ediblər ki, Azərbaycanı qələbəyə aparan bu şanlı tarixi yolun məhz Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti ilə başlayıb. Vurğulandı ki, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin düzgün strategiyası sayəsində Azərbaycanın əzəli torpaqları işğaldan azad olundu, Müzəffər Prezidentimizin dəmir yumruğu ətrafında birləşən qəhrəman xalqımız, şəhidlərimiz, qazilərimiz, əsgər və zabitlərimiz öz vətənpərvərliyi, dönməzliyi mərdliyi ilə tariximizin şanlı səhifələrini yazaraq gələcək nəsillərə örnək oldular.

Yekunda çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova qeyd edib ki, artıq Azərbaycan xalqı dördüncü ildir ki, Zəfər Gününü qeyd edir. Zəfər Günü Azərbaycan tarixinin ən şərəfli səhifəsidir. Bu gün Azərbaycan 21-ci əsrin tək qalib ölkəsidir. Bu gün bütün dünya Azərbaycan xalqının nəyə qadir olduğunu, Azərbaycan ordusunun qəhrəmanlıq salnaməsinin şahididir. Azərbaycan işğalçı ölkə üzərində tarixi zəfər qazanmaqla adını qalib ölkələr sırasına yazdırdı. Zəfər Günü bundan sonra da Azərbaycan tarixində misilsiz bir qələbənin simvolu olaraq daim qeyd ediləcək. Azərbaycan əldə etdiyi tarixi Zəfərlərdən sonra regionda yeni reallıqlar yaradıb. Dünyanın inkişaf etmiş güclü dövlətləri və beynəlxalq təşkilatlar, siyasi mərkəzlər bu reallığı qəbul edərək ölkəmizlə əməkdaşlıq üçün təşəbbüslər irəli sürürlər. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz haqqını bərpa edərək, bütün dünyaya güclü dövlət olduğunu göstərdi. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən, eyni zamanda, qətiyyətli siyasət nəticəsində Azərbaycan dövləti bu uğurlara imza atıb.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Sonda xatirə şəkli çəkdirilib.

Tədbirdən sonra YAP Yasamal rayon təşkilatı tərəfindən 8 Noyabr-Zəfər Günü ilə əlaqədar olaraq aksiya təşkil olunub. Aksiya çərçivəsində Yasamal rayonunda yaşayan 55 şəhid ailəsi ziyarət olunub və onlara bayram sovqatları təqdim edilib. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər