Vətən müharibəsinin şəhidləri anılıb
Bu gün 2-ci Fəxri Xiyabanda Vətən Müharibəsinin şəhid hərbçiləri Yusif Nəcəfov və Nurlan Mustafayev şəhadətlərinin ildönümündə yad ediliblər. Anım tədbirində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.Anım mərasimindəYasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və RIH-in aparat əməkdaşları, Milli Məclisin deputatları Göydəniz Qəhrəmanov və Ülvi Quliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Yusif Nəcəfov 14 oktyabr 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 52 saylı məktəbdə almışdır. Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində vətənə xidmət etmişdir. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 14-də şəhidlik zirvəsinə ucalmışdır.
Nəcəfov Yusif Nadir oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı, "Kəlbəcərin azad olunması uğrunda" medalı və "Fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Nurlan Mustafayev 8 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 286 saylı məktəbdə almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 14-də şəhidlik zirvəsinə ucalmışdır.
Mustafayev Nurlan Ağa oğlu isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ,"Xocavəndin azad olunması uğrunda" medalı, "Cəbrayılın azad olunması uğrunda" medalı və "Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir.