Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatın müzakirəsi keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 3696 nömrəli 30 dekabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planının 2-ci hissəsinin “Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi və dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” məqsədi barədə 2.3-cü maddəsi ilə “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirələrinin keçirilməsi” müəyyən edilmişdir. Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır. Qeyd olunanları nəzərə alaraq, Fəaliyyət Planının müvafiq maddəsinin icrasının təmin etmək məqsədilə, iyunun 3-də Yasamal Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə hesabatlılığın təmin edilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə sözügedən hesabatın müzakirəsi üzrə Rayon İcra Hakimiyyəti başçısının müavini Xaliq Möhbalıyevin rəhbərliyi ilə görüş keçirilib.
Görüşdə iştirakçılara dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr barədə məlumat verilib. Dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə xidməti fəaliyyətinin qiymətləndirilməsinin zəruriliyi bildirilib.
Yekunda Yasamal Rayon İcra Hakimiyyəti başçısı Aparatında və başçının sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində inzibati vəzifə tutan dövlət qulluqçularının 2023-cü ildə xidməti fəaliyyətlərinin qiymətləndirilməsinin nəticələrinə dair ümumiləşdirilmiş yekun hesabatın müzakirəsi keçirilib.