Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə keçirilən idman yarışlarına yekun vuruldu
Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyi münasibətilə Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə ali və orta ixtisas təhsil müəssisələrinin komandaları arasında keçirilmiş idmanın 6 növü üzrə şahmat, dama, stolüstü tennis, voleybol oğlanlar, voleybol qızlar, basketbol və minifutbol yarışlarının təntənəli bağlanış və mükafatlandırma mərasimi baş tutmuşdur. Tədbir 04 may 2024-cü il tarixdə Bakı Dövlət Universitetinin stadionunda təşkil olunmuşdur. Mərasimdə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının I-ci müavini Hüseyn Əfəndiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, ali və orta ixtisas təhsil müəssisələrinin nümayəndələri və tələbələri, media nümayəndələri və rayon ictimaiyyəti iştirak etmişdir. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov çıxış edərək bildirmişdir ki, ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır, idmançılarımızın beynəlxalq arenalarda qazandığı nailiyyətlər buna bariz nümunədir. Ümummilli Lider Heydər Əliyev ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına daim diqqət göstərmişdir. Ulu Öndərimizin layiqli davamçısı Cənab Prezident İlham Əliyev də idmana, onun inkişafına hər zaman həssaslıqla yanaşır. Dövlət başçısının idmana və idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkar səviyyədə hazırlanmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, olimpiya idman komplekslərinin və idmanın maddi texniki bazasının yaradılması haqqında qərarları buna əyani sübutdur. İ.Səfərov qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş yarışlara 23 aprel 2024 cü il tarixdən start verilmişdir. Yarışlara 338 nəfər qatılmış, onlardan 250 nəfəri oğlan, 88 nəfəri isə qızlar təşkil etmişdir. Daha sonra I,II və III yerlərə layiq görülmüş komandaların mükafatlandırma mərasimi baş tutmuşdur.
Sonda xatirə şəkilləri çəkdirilmişdir.