Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə hallara dair dəyirmi masa keçirilib

01 may 2024 | 14:44

“Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı birgə fəaliyyətin təşkili” mövzusunda dəyirmi masa keçirilib.

Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi və Bakı Regional Mərkəzi tərəfindən Nizami Rayon İcra Hakimiyyətində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı birgə fəaliyyətin təşkili” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin aparatı və qurumlarının əməkdaşları, Bakı şəhərinin rayon Fövqəladə hallar üzrə komissiya sədrləri və üzvləri, Bakı şəhər Baş Polis İdarəsi, Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, “Azərsu” ASC-nin “Bakı Sukanal” idarəsinin məsul əməkdaşları iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla hər il keçirilən birgə fəaliyyətin təşkilinə həsr olunmuş bu tədbirin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsindəki müstəsna əhəmiyyətini diqqətə çatdırmışdır.

Mövzu ətrafında Yasamal Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini - rayon Fövqəladə hallar komissiyasının sədri  Hüseyn Əfəndiyev çıxış edərək 2024-cü ildə rayon ərazisində fövqəladə halların nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi istiqamətində görülmüş işlər, qarşılıqlı fəaliyyətin təşkilinin hal-hazırkı vəziyyəti, bu sahədə mövcud problemlər və atılacaq addımlar barədə çıxış səsləndirmişdir. O, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un bu il ölkəmizdə keçirilməsinin əhəmiyyətini qeyd etmişdir.

İnteraktiv müzakirələr fonunda davam edən tədbirdə iştirakçıların  fikir mübadiləsinə yer verilmiş və onların çoxsaylı sualları cavablandırılmışdır.

Sonda iştirakçıların təkliflərini nəzərə alaraq tədbirin mütəmadi olaraq keçirilməsi məqsədəuyğun sayılmışdır.

Keçidlər