İcra Başçısı ərazidə sakinlərlə görüşdü və suallarına cavab verdi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün fevral ayı üzrə səyyar qəbul keçirilib.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 225 nömrəli tam orta məktəbin akt zalında baş tutdu.Tədbirdə həmçinin Yasamal RİH-in məsul şəxsləri, rayon Bələdiyyəsinin, MKTB-nin və xidmət rəhbərləri də iştirak edib. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı danışmağı xahiş etdi. İlk öncə söz alan Yasamal rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra növbə ilə söz alan Yasamal rayonunun sakinləri yolların asfaltlanması və işıqlandırılması, köhnə binaların təmiri, qurumuş ağacların budanması, kanalizasiya xətlərinin mövcud durumu, mənzillərdə istilik sisteminin bərpası, tikinti şirkəti tərəfindən satın alınan ərazilərə görə vətəndaşlara təklif edilən kompensasiya məbləği və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırdılar.
İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verdi. İcra başçısı həmçinin sakinləri maraqlandıran suallara ətraflı cavab və izahatlar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.
Görüşün sonunda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 7 fevral Azərbaycan Respublikası Prezidenti seçkilərində yüksək fəallığa görə Yasamal sakinlərinə dərin minnətdarlığını ifadə etdi.